YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir

Martın 12-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçirilib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində təşkil olunan tədbirdə bu qurumun müdiri Əhməd Sami Elaydi Xalq Cümhuriyyətinin yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri olduğunu söyləyib. O deyib: “Müsəlman Şərqində qadınlara seçki hüququ ilk dəfə Cümhuriyyət dövründə - 100 il əvvəl verilib. Cümhuriyyət Azərbaycanın ilk müasir ali təhsil müəssisəsini - Bakı Dövlət Universitetini təsis edib”.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. AXC XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yaranıb. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi aradan qaldıraraq bütün vətəndaşların hüquq bərabərliyini təmin edib. Müasir Azərbaycan Respublikası AXC-nin varisidir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək Cümhuriyyətin bayrağını, gerbini və himnini qəbul edib. Y.Mahmudov deyib: “Tarix İnstitutunda AXC-nin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə əsasən nəşr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir”.

Akademik qeyd edib ki, Tarix İnstitutu Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə sıx əməkdaşlıq edir. Mərkəzdə institutun əməkdaşları üçün ərəb dili kursları təşkil olunub. Ötən il mərkəz tərəfindən instituta ərəb dilində 10 min elektron kitab hədiyyə edilib.

Milli Məclisin deputatı Elman Nəsirov, tarixçi alimlər Kamran İsmayılov, Güntəkin Nəcəfli, Cəbi Bəhramov və başqaları çıxış edərək bildiriblər ki, AXC ölkəmizin dövlətçilik tarixində silinməz iz buraxıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə AXC-nin şərəfinə “İstiqlal Bəyannaməsi” abidəsi ucaldılıb. Cümhuriyyətin elan olunduğu 28 may tarixi Azərbaycanda Respublika Günü kimi qeyd edilir.

Sonda Y.Mahmudov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental tədqiqatın ərəbcə nəşrini hədiyyə edib. Əhməd Sami Elaydi isə Azərbaycan-Misir əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Y.Mahmudova və E.Nəsirova Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin mükafatlarını təqdim edib.

Qeyd edək ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir.

 

DİGƏR Xəbərlər Arxiv