Xəbərlər
Hikmət Hacıyev: Azərbaycanın beynəlxalq ictimaiyyətdən gözlədiyi ədalətin bərqərar olmasıdır
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Xocalı soyqırımının 26-ci ildönümü ilə əlaqədar Türkiyənin TRT WORLD kanalına müsahibə verib.
Hikmət Hacıyev Xocalı soyqırımının törədilmə səbəbləri, ağır nəticələri barədə danışıb. O deyib ki, Xocalı qətliamı Azərbaycan xalqının yaddaşında həkk olunmuş bir faciədir. Bir gecə içərisində günahsız insanlar amansızcasına qətlə yetirildilər. Bu, insanlığa qarşı törədilmiş hərbi cinayət, soyqırımı idi. Xocalı soyqırımı keçmiş sovet ordusunun həmin vaxt Dağlıq Qarabağda yerləşdirilmiş 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Ermənistan silahlı qüvvələri tərəfindən törədilib. Azərbaycan xalqı ədalətin bərqərar olmasını istəyir.
Hikmət Hacıyev deyib ki, Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyi Xocalı faciəsinin törədilməsində birbaşa iştirak edib. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni separatçı rejimin rəhbərliyi də Xocalı soyqırımının törədilməsində iştirak edib. Ermənistanın hərbi birləşmələri yaxşı bilirdilər ki, Xocalı şəhərində yalnız dinc sakinlər yaşayırlar. Onlar ağır artilleriya, tanklar, raketlərlə şəhərə hücum etdilər. Bütün hərbi müdaxilələrdə olduğu kimi, burada da, ilk növbədə, dinc sakinlər üçün humanitar dəhliz təşkil etmək ideyası var idi. Ancaq təəssüflər olsun ki, ermənilər Azərbaycan vətəndaşlarının humanitar dəhliz ərazisində olduğunu bilə-bilə onlara hücum etdilər. Ona görə də beynəlxalq hüquq baxımından bu hadisəyə qiymət verdikdə görürük ki, indiki Ermənistan dövləti Xocalı faciəsinə görə məsuliyyət daşıyır. Bununla bərabər, Ermənistan rəhbərliyində olan ayrı-ayrı şəxslər də insanlığa qarşı törədilən bu cinayətə görə məsuliyyət daşıyırlar. Kimsə yüksək vəzifə tutur deyə bu məsuliyyətdən yayına bilməz. Azərbaycanın BMT də daxil olmaqla, beynəlxalq ictimaiyyətdən gözlədiyi ədalətin bərqərar olmasıdır.
Müxbirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandıran XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib ki, əslində Ermənistan-Azərbaycan münaqişəsi bir çoxlarının dediyi kimi dondurulmuş münaqişə deyil. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edib və hər gün cəbhədə atışmalar gedir. Ona görə də buna dondurulmuş münaqişə demək düzgün olmazdı. Azərbaycanın bu münaqişənin həllində mövqeyi konstruktivdir. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllinə nail olmaq istəyir. Hər bir dövlətin ərazi bütövlüyünə hörmət vacib məsələdir. Azərbaycan dövlətinin əsas tələbləri də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əsaslanır. Bu qətnamələr Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratlarını təyin etməsi adı altında Azərbaycan torpaqlarını işğal edib. Amma bu, öz müqəddəratını təyin etmək deyil. Çünki hərbi güc vasitəsilə dinc vətəndaşları qətlə yetirmək, onlara qarşı etnik təmizləmə siyasəti həyata keçirmək və işğal olunmuş Dağlıq Qarabağdan və ətrafdakı 7 rayondan 1 milyon insanın qovularaq qaçqın və məcburi köçkün halına salınması ilə nəticələnən hadisələri heç cür öz müqəddəratını təyin etmək kimi qəbul etmək olmaz. Azərbaycanın konstruktiv mövqeyi bundan ibarətdir ki, Ermənistan icması Azərbaycanın sərhədləri və qanunları çərçivəsində, ərazi bütövlüyünə hörmət olunmaqla öz müqəddəratını təyin etmək hüququnu əldə edə bilər. Yalnız bu zaman Ermənistanla Azərbaycan arasında daimi sülh əldə oluna bilər. Münaqişənin bu cür həllindən daha çox erməni xalqı faydalanacaq.