Xəbərlər
Ziyad Səmədzadə: Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət bir çox qlobal risklərin təsirlərini xeyli azaldıb
«Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət bir çox qlobal risklərin təsirlərini xeyli azaldıb. Buna ən gözəl sübut bir sıra dünya ölkələrinin qlobal böhranla mübarizə apardığı bir zamanda ölkəmizin sürətli inkişaf mərhələrinə keçməsidir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, 2018-ci ildə davamlı inkişaf, sosial tərəqqi meyillərini gücləndirməyə əsas yaradan dövlət büdcəsi formalaşdırılıb. Onun sözlərinə görə, ilk növbədə, dövlət büdcəsinin gəlirləri ötən ilə nisbətən 20 faiz, 2016-cı illə müqayisədə isə 15 faiz çoxdur. Bunlar olduqca yaxşı nəticədir. Bu siyasət davamlı, həm də uzunmüddətli keyfiyyətli inkişaf məqsədlərinə xidmət edəcək.
«Ölkədə müxtəlif fiskal risklər daim nəzərə alınır və müvafiq maliyyə ehtiyatları toplanır. Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri 62,5 faiz təşkil edəcək ki, bu da bir sıra strateji layihələrin vaxtında icrası üçün çox vacib nüanslardan biridir. Ümumilikdə gələn il əsas kapitala investisiya qoyuluşları 15,9 milyard manat, xarici investisiyaların 7,7 milyard manat, daxili investisiyaların 8,2 milyard manat olacağı proqnozlaşdırılır. Qeyri-neft sektoruna isə 9,5 milyard manat investisiya yatırılacağı gözlənilir. Dövlət davamlı iqtisadi inkişafa nail olmaq üçün qanunvericilik bazasını da təkmilləşdirir»-deyə, komitə sədri vurğulayıb.