YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan mətbuatı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi vəhşiliklərdən bəhs edir

Pakistanın “Daily Times”, “National Courier”, “Election Times” qəzetlərində dərc olunmuş məqalələrdə yeni yaradılan Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının Ermənistanı qəzəbləndirdiyi, strateji tərəfdaş olan üç ölkə arasındakı diplomatik münasibətlərin qarşılıqlı hörmətə, ortaq tarixi, dini və siyasi dəyərlərə əsaslandığı qeyd olunur.

Məqalələrdə diplomatik münasibətlər qurulandan bəri bu ölkələrin rəhbərliklərinin dostluq və qardaşlıq bağlarının daha da inkişafına və möhkəmlənməsinə çalışdıqları qeyd edilir.

Müəllif bildirir ki, Ermənistan terrorizmin qaynağı, Azərbaycana və Türkiyəyə qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş təcavüzkar ölkədir və onun yaratdığı Dağlıq Qarabağ münaqişəsi Ermənistanın özü, Cənubi Qafqaz, həmçinin Avropa üçün potensial təhlükədir. Ermənistanın vaxtı keçmiş və hazırda dünyada ən təhlükəli sənaye obyektlərindən olan Metsamor Atom Elektrik Stansiyası (AES) da Cənubi Qafqaz və Avropa İttifaqı üçün təhlükə mənbəyi olmaqda davam edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, ABŞ və digər Qərb dövlətləri Metsamor AES-in yenidən işə salınmasına öz etirazlarını bildiriblər. Rəsmi Vaşinqton inanır ki, 407 meqavat gücündəki Metsamor reaktoru dünyada ən təhlükəli reaktorlardan biridir. Avropa İttifaqı da öz növbəsində Metsamor AES-i bütün region üçün ciddi təhlükə hesab edir. Region ölkələri olan Azərbaycan, Türkiyə və Gürcüstan da öz əhalisini qorumaq üçün dəfələrlə Ermənistanı vaxtı keçmiş Metsamor AES-i dərhal bağlamağa çağırıblar. Bütün bunlara baxmayaraq, Ermənistan hələ də nüvə təhlükəsizliyinə əhəmiyyət vermir və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin protokollarını pozmaqda davam edir.

Məqalələrdə vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan hər zaman dialoqa hazır olsa da, Ermənistan özünün işğalçılıq siyasətinin nəticələrini möhkəmləndirmək, qəbuledilməz və davamlı olmayan status-kvonu qoruyub saxlamaq üçün ardıcıl tədbirlər həyata keçirir. İşğal olunmuş ərazilərdə hərbi təlimlərin keçirilməsi, suriyalı ermənilərin həmin ərazilərdə məskunlaşdırılması, referendum və seçkilərin keçirilməsi beynəlxalq hüququn və atəşkəs sazişinin ciddi şəkildə pozulması deməkdir.

Müəllif qeyd edir ki, Azərbaycanın mülki əhalisinə və obyektlərinə qarşı Ermənistanın həyata keçirdiyi birbaşa və düşünülmüş hücumlar beynəlxalq humanitar hüququn və insan hüquqlarının, xüsusən də 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə Protokolun, Uşaq Hüquqları Konvensiyasının və İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Konvensiyanın kobud şəkildə pozulmasıdır.

Məqalələrdə diqqətə çatdırılır ki, Ermənistan işğal etdiyi ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qeyri-qanuni olaraq dəyişir. Ermənistanın mədəni dəyərlərə və irsə qarşı terrorçu fəaliyyəti hər kəsə məlumdur. Dağlıq Qarabağ münaqişəsi başlayandan və Azərbaycan əraziləri işğal olunandan bəri ermənilər Azərbaycanın zəngin mədəni sərvətlərini talayıblar. Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın irsini, mədəni, tarixi, müqəddəs yerlərini, İslam abidələrini məhv edir.

Müəllif xatırladır ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ regionunu və yeddi ətraf rayonu tərk etməsi ilə bağlı dörd qətnamə qəbul edib və beynəlxalq güclərin və təşkilatların ikili standartları səbəbindən bu günə qədər həmin qətnamələr yerinə yetirilməyib.

Qeyd olunur ki, Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tam dəstəkləyir. Pakistan Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin yerinə yetirilməsini daim tələb edir, beynəlxalq ictimaiyyəti və təşkilatları da Ermənistanı bu qətnamələri yerinə yetirməyə vadar etməyə çağırır.

Müəllif yazır ki, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə böyük sosial-iqtisadi inkişaf, geosiyasi sabitlik və geostrateji önəm əldə edib, Ermənistanın makroiqtisadi inkişafı isə ölkədən kütləvi beyin axını ilə nəticələnir. Azərbaycan hazırda Cənubi Qafqazın iqtisadi lideri və Xəzər hövzəsi regionunda əhəmiyyətli iqtisadi amildir.

Vurğulanır ki, Azərbaycanın inkişafı və nailiyyətləri bütün müsəlman ölkələri üçün qürur mənbəyidir, eyni zamanda, Azərbaycan bir çox ölkələr üçün yaxşı idarəçilik nümunəsidir. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk demokratik respublika olub. Onun əsas nailiyyətlərindən biri də qadınlara seçki hüququnun verilməsi idi ki, o dövrdə bir çox Avropa ölkələrində bu hüquq hələ mövcud deyildi. Lakin Ermənistan müasir dövrdə də öz vətəndaşlarını bir çox əsas insan hüquqlarından məhrum edir və nəticədə ölkədə səfalət hökm sürür, işsizlik, inflyasiya yüksək səviyyədədir.

Pakistan-Azərbaycan-Türkiyə əlaqələrinə toxunan müəllif bu günlərdə üçtərəfli diplomatik münasibətlərin daha da intensiv hal aldığını bildirir və bu ölkələrin birgə Bəyannamə imzalayaraq mövcud dinamik əlaqələrin daha da genişləndirilməsi və şaxələndirilməsi istiqamətində qərarlı olduqlarını qeyd edir. Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığının əsası 2017-ci il noyabrın 30-da Bakıda xarici işlər nazirlərinin 1-ci görüşündə qoyulub. Bu üçtərəfli format ölkələrin ümumi mənfəətlərinə xidmət edəcək ortaq strategiyaların işlənib hazırlanması və layihələrin irəli sürülməsi üçün innovativ və əhəmiyyətli platforma rolunu oynayacaq.

Müəllif yeni yaradılmış Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığından Ermənistanın xeyli qəzəbləndiyini və bütün imkanları çərçivəsində bu əməkdaşlığı pozmağa çalışdığını, hətta Pakistan mediasının bəzi təcrübəsiz nümayəndələrini də ələ almağa, Ermənistana maraq yaratmaq istiqamətində məqalələr dərc etdirməyə, Pakistan ictimaiyyətində Azərbaycan və Türkiyə haqqında yanlış rəy yaratmağa çalışdığını qeyd edir. Ermənistanın Türkiyəyə qarşı soyqırımı iddialarının siyasi xarakter daşıdığını, ermənilərin Birinci Dünya müharibəsi zamanı Türkiyə ərazisində, Anadoluda, 1918-ci ildə Bakıda, Azərbaycanın digər şəhərlərində, 1992-ci ildə Xocalıda törətdikləri soyqırımını və vəhşilikləri dünya ictimaiyyətinə unutdurmağa çalışdıqları bildirilir.

Məqalələrdə Pakistan, Azərbaycan və Türkiyə arasında qardaşlıq, yaxın dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğu, bu dostluğun qarşılıqlı inama, hörmətə, tarixi mənəvi dəyərlərə, adət-ənənələrə əsaslandığı və möhkəm tellərlə bağlandığı qeyd edilir. İşğal olunmuş Azərbaycan torpaqlarında İslam mədəniyyətinə aid müqəddəs məscidləri, digər dini abidələri dağıdan Ermənistanın heç vaxt müsəlman ölkəsinin dostu olmayacağı vurğulanır.

DİGƏR Xəbərlər Arxiv