Xəbərlər
Tahir Süleymanov: Yeni iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatı qlobal mənfi təsirlərə yüksək dayanıqlılıq nümayiş etdirir
«Hər bir ölkənin uğurlu inkişafı ilk növbədə aparılan siyasətin məqsədyönlülüyündən və hədəflərin düzgün müəyyənləşdirilməsindən asılıdır. Bu gün ölkəmizin iqtisadiyyatı şaxələndirilir. Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji mahiyyət kəsb edən irimiqyaslı infrastruktur layihələrinin, neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Tahir Süleymanov deyib.
T.Süleymanov bildirib ki, respublikamız elə bir uğurlu iqtisadi inkişaf modeli seçib ki, burada neft amili heç də həlledici, dominant rol oynamır, əksinə, ağırlıq mərkəzi, çəkici qüvvə tədricən qeyri-neft sektoruna keçir. Onun sözlərinə görə, yeni iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatının qlobal mənfi təsirlərə yüksək dayanıqlılıq nümayiş etdirməsi də ilk növbədə ölkəmizdə zamanında neftdənkənar sahələrin inkişafına münbit zəmin formalaşdırılması ilə bağlıdır.
«Məlumdur ki, müstəqillik illərində respublikamızda böyükhəcmli dövlət investisiyaları hesabına irimiqyaslı su, yol-nəqliyyat və digər layihələr reallaşdırılıb. Təkcə cari ildə dövlət vəsaiti hesabına 150 min hektardan çox ərazinin meliorativ vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulub və bu proqram 2018-ci ildə də eyni intensivliklə davam etdiriləcək. Son 14 ildə ölkə boyu 11 min kilometrdən çox yol çəkilməsi, 2400 meqavoltdan artıq istehsal imkanlarına malik 26 elektrik stansiyasının inşası, respublika miqyasında qazlaşdırmanın 93 faizə çatdırılması Azərbaycanın yüksək səviyyəli infrastruktur quruculuğuna göstərdiyi böyük diqqətin əlamətidir. Dövlət vəsaiti hesabına qurulan belə müasir infrastruktur öz növbəsində respublikada iqtisadi inkişafa, qeyri-neft sektorunda aktivliyin artmasına müsbət təsir göstərir. Zamanında belə güclü infrastruktur yaradılmasa idi, bu gün ölkənin uğurlu iqtisadi inkişafından bəhs etmək mümkün olmazdı»-T.Süleymanov qeyd edib.