Xəbərlər
Müdafiə naziri Zakir Həsənov hərbi hissədə şəxsi heyətlə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti daha bir hərbi hissədə əsgərlərlə görüşüb, yeni inşa edilən qərargah binasının və hərbi texnika üçün saxlancların açılışında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi hissədə görülən tikinti-quruculuq işləri ilə tanışlıq zamanı general-polkovnik Zakir Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirib, müvafiq tapşırıqlar verib.
Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri, qarşıdan gələn bayramlar münasibətilə dövlətimizin başçısı adından şəxsi heyəti təbrik edərək, xidmətdə fərqlənənlərə mükafatlar və qiymətli hədiyyələr təqdim edib.