Xəbərlər
Şahin Mustafayev: Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir
Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 25-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşündə deyib.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan və Rusiya arasında mövcud iqtisadi əlaqələr barədə danışan nazir Şahin Mustafayev qeyd edib ki, Rusiya əsas ticarət tərəfdaşlarımızdandır və 2017-ci il ərzində də ölkələrimiz arasında ticarət əlaqələri dinamik olaraq inkişaf edib.
Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Bu il Azərbaycan Rusiyada keçirilmiş “Worldfood Moscow” Sərgisində vahid ölkə stendi ilə təmsil olunub, Sankt-Peterburqa sahibkarlardan ibarət ixrac missiyası təşkil edilib, “Rossiya 24” kanalında Azərbaycan meyvələrinə və meyvə şirələrinə dair videoçarxlar nümayiş olunub. 2018-ci ilin fevral ayında isə 30 Azərbaycan şirkəti Moskva şəhərində keçiriləcək “Prodexpo” Sərgisində iştirak edəcək.
Nazir Şahin Mustafayev bu gün Bakıda açılmış Rusiyanın İxrac Mərkəzinin nümayəndəliyinin də ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.
Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dolları, Rusiya isə Azərbaycan iqtisadiyyatına 3,7 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan Rusiya Federasiyasının 80-ə yaxın subyekti ilə ticarət-iqtisadi sahədə əməkdaşlıq edir.
Azərbaycan Rusiya Federasiyasının Şimali Qafqaz regionuna sərmayə qoyuluşu üzrə əsas investor ölkələrdəndir. Yesentukidə “İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsalı zavodları, quru tikinti qarışığı istehsalı sahəsi, Stavropolda istixana təsərrüfatının tikintisi Rusiyada Azərbaycan şirkətləri tərəfindən reallaşdırılan uğurlu layihələrdəndir. “SOCAR Polymer” layihəsi və Pirallahı Sənaye Parkında yaradılan birgə əczaçılıq müəssisəsi də ölkələrimiz arasında əməkdaşlığın önəmli nümunələrindəndir.
İqtisadi sahədə əlaqələrin inkişafı perspektivlərindən danışan Şahin Mustafayev qeyd edib ki, sənaye, neft maşınqayırması, turizm, tranzit sahələrində, Rusiya şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması, qeyri-neft məhsullarımızın Rusiyaya ixracının, regionlararası əməkdaşlığın genişləndirilməsi və s. sahələrdə əməkdaşlıq imkanları genişdir.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişaf etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib, əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib.