Xəbərlər
Bəxtiyar Əliyev: Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli görüşü regionun inkişafına xidmət edəcək
Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən birinci üçtərəfli görüşü regionda sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcək.
Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, bütövlükdə Azərbaycan, Türkiyə və Pakistan regionda mühüm rol oynayır və üç ölkənin belə formatda əməkdaşlığı regionda həm sülhün, əmin-amanlığın qorunmasına, həm də ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək bir siyasə addımdır.
Deputat bildirib ki, Azərbaycanın Pakistan və Türkiyə ilə strateji əməkdaşlığı mövcuddur: “Pakistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyir və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını hər yerdə bəyan edir. Pakistan işğalçı Ermənistana etirazını bildirərək orada öz səfirliyini də açmayıb. Eyni zamanda Türkiyə də bu addımı atıb və Ermənistanla sərhədləri bağlayıb. İnanıram ki, bu cür görüşlərdən sonra Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq daha da möhkəmlənəcək və bu da öz növbəsində regionun inkişafına və təhlükəsizliyinə xidmət edəcək”.
Qeyd edək ki, noyabrın 30-da Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif arasında ilk üçtərəfli görüş Bakıda baş tutub.