Xəbərlər
MM-in deputatı: Azərbaycan təkcə regionda deyil, həmçinin dünya birliyində inkişaf etmiş müstəqil dövlətə çevrilib
«Azərbaycan Respublikası suveren dövlət kimi mövcud təhlükəsizlik mühitində təhdidlərin aradan qaldırılmasına, ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırır və həyata keçirir». Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Azərbaycanın milli təhlükəsizlik siyasəti xarici və daxili təhlükəsizlik arasında mövcud ayırıcı xətləri əhatə edən və adekvat çoxfunksiyalı tədbirlər tələb edən təhdidlərin müxtəlif ölçülü xarakterini nəzərə alır. Onun sözlərinə görə, Prezident İlham Əliyev siyasəti nəticəsində ölkəmiz aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirib.
«Son illərdə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan təkcə regionda deyil, həmçinin dünya birliyində inkişaf etmiş müstəqil dövlətə çevrilib. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın 155 ölkəsindən dəstək alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən ikiillik fəaliyyəti dövründə dünyada təhlükəsizliyin və sülhün bərqərar olmasına, eləcə də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına dair beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsində bilavasitə iştirak edib. Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”»- deyə, deputat qeyd edib.