Xəbərlər
Beş Xəzəryanı dövlətin prezidenti Xəzər Sammiti çərçivəsində ilk biznes-forumun təşkilinə dair təşəbbüsü dəstəkləyib
Caspian European Club (CEIBC) və Caspian Energy İnternational Media Group sentyabrın sonunda Astraxanda keçiriləcək Xəzər Sammiti çərçivəsində ilk biznes-forumun təşkili ilə bağlı CEİBC-nin təşəbbüsünü dəstəklədiyinə görə beş Xəzəryanı dövlətin - Rusiya Federasiyasının, Azərbaycan və Qazaxıstan respublikalarının, Türkmənistanın və İran İslam Respublikasının prezidentlərinə dərin minnətdarlığını bildirir.
Bu barədə Caspian Energy International Media Groupdan məlumat veriblər.
CEIBC-in baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, “beş Xəzəryanı dövlətin Sammiti çərçivəsində keçiriləcək biznes-forum beştərəfli iqtisadi əlaqələrin inkişafına, həmçinin Xəzər regionu ölkələrinin – Caspian European Club üzvləri sahibkarlarının biznes təşəbbüslərinin daimi dəstək platformasının yaranmasına xidmət edəcək”.
Məlumatda, həmçinin bildirilir ki, Caspian European Club və Caspian Energy İnternational Media Group 2014-cü ilin payızında Astraxanda keçiriləcək Xəzər Sammiti çərçivəsində ilk biznes-forumun təşkilinə dair təşəbbüsü dəstəkləmək təklifi ilə beş Xəzəryanı dövlətin rəhbərinə Klubun 500-dən artıq üzv şirkəti adından müraciət qəbul etmişdi.
Dünyanın 50-dən artıq ölkəsində qeydiyyatdan keçmiş Caspian Energy brendinin bu il 15 yaşı tamam olur. Bu münasibətlə Caspian Energy jurnalının yubiley nömrəsinin nəşri planlaşdırılır.