Xəbərlər
Səfir: 2018-ci ildə Azərbaycan və Ukrayna diplomatik münasibətlər yaradılmasının 100 illiyini qeyd edəcəklər
Ukrayna-Azərbaycan əməkdaşlığı tarixən qarşılıqlı hörmət, dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.
Diplomat qeyd edib ki, Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq ənənələrinin tarixi 25 illik dövrlə məhdudlaşmır. Hələ 1919-1920-ci illərdə Bakıda Ukrayna Xalq Respublikasının Azərbaycan Xalq Cümhuriyyətindəki Xüsusi Diplomatik Missiyası fəaliyyət göstərirdi. Ukrayna Xalq Respublikasının missiyası həmin dövrdə 16 xarici dövlətin Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindən biri idi. Bu fakt ölkələrimiz arasında ənənəvi tarixi dostluq əlaqələrinə parlaq sübutdur. Aleksandr Mişşenko vurğulayıb ki, 2018-ci ildə Azərbaycan və Ukrayna diplomatik münasibətlər yaradılmasının 100 illiyini qeyd edəcəklər.
Müasir mərhələdə Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq, demək olar ki, bütün qarşılıqlı fəaliyyət sahələrində yeni dinamika kəsb edib. Ukrayna səfiri deyib: “Şübhəsiz, Ukraynanın və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün ölkələrimiz tərəfindən qarşılıqlı dəstəklənməsi Ukrayna-Azərbaycan dialoqunun əsas məsələsi olaraq qalır. Ölkələrimizin prezidentləri bunu dəfələrlə bəyan ediblər. Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bütün beynəlxalq qurumlarda və bütün səviyyələrdə ardıcıl olaraq dəstəkləyir, həmçinin Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun bundan sonra da saxlanmasını qəbuledilməz sayır”.
Diplomat təəssüflə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə dünya birliyi tərəfindən lazımınca diqqət yetirilməməsi nəticəsində başqa ölkələrdə, o cümlədən Ukraynada da analoji vəziyyət yaranıb. Üç ildən bəri davam edən silahlı təcavüz nəticəsində Ukraynada 10 mindən çox insan öldürülüb və 23 mindən çox adam yaralanıb. Ölkənin təxminən 1,7 milyon sakini daxili köçkünlərə çevrilib.
Səfir ölkələrimiz arasında siyasi dialoqun yüksək dinamikasını qeyd edərək deyib ki, son vaxtlar Ukraynanın və Azərbaycanın mühüm nazirliklərinin rəhbərləri səviyyəsində bir sıra səfərlər keçirilib. Diplomat bu səfərlər arasında 2017-ci il oktyabrın 19-20-də Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini, 2017-ci il oktyabrın 2-3-də Ukraynanın xarici işlər naziri Pavel Klimkinin Bakıya rəsmi səfərini, 2017-ci il martın 27-də Azərbaycanın Baş nazirinin müavini İsmət Abbasovun GUAM ölkələrinin hökumət başçılarının iclasında iştirak etmək üçün Ukraynaya səfərini, 2017-ci il martın 13-14-də Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev başda olmaqla Azərbaycan hökumət nümayəndə heyətinin Ukraynaya səfərini xüsusi qeyd edib.
A.Mişşenko bildirib ki, yaxın vaxtlarda Kiyevdə İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının 12-ci iclasının keçirilməsi planlaşdırılır. Komissiya üzvlərinin fikrincə, bu iclas qarşılıqlı faydalı ticarətin artırılması üçün yeni imkanlar yaradacaq. Səfir deyib: “Qeyd etmək lazımdır ki, ticari-iqtisadi sahədə cari ilin göstəriciləri nikbinlik üçün tam əsas verir. 2017-ci ilin birinci yarısında ikitərəfli əmtəə dövriyyəsinin həcmi (344,3 milyon ABŞ dolları) bütövlükdə 2016-cı il üçün əmtəə dövriyyəsinin həcmindən (320,27 milyon ABŞ dolları) çox olub”.
Diplomat vurğulayıb ki, birgə layihələrin reallaşdırılmasına xüsusi diqqət yetirilir. Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin Azərbaycana səfəri çərçivəsində Ukraynanın insulin istehsal edən “İndar” xüsusi səhmdar cəmiyyəti ilə “Azərbaycan investisiya şirkəti” arasında qarşılıqlı anlaşma haqqında Memorandumun təntənəli imzalanma mərasimi keçirildiyini xatırladan səfir qeyd edib ki, bu layihənin həyata keçirilməsi Azərbaycan ərazisində insulin preparatları istehsal edən əczaçılıq zavodu tikməyə imkan verəcək.
Səfir bildirib ki, nəqliyyat sahəsində ölkələrimiz arasında əməkdaşlığı Ukraynada çox vacib hesab edirlər və Transxəzər beynəlxalq nəqliyyat marşrutu, habelə “Qərb-Cənub” marşrutu çərçivəsində Ukrayna və Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Bu layihələrin həyata keçirilməsi Avropa İttifaqı ölkələrindən Çinə, habelə Mərkəzi Asiya ölkələrinə və İrana nəql edilən əlavə yüklər cəlb etməyə imkan verəcək. A.Mişşenko vurğulayıb ki, bu il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmiryol magistralının uğurla istifadəyə verilməsi nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.