Xəbərlər
Əflatun Amaşov: Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür
«Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür». Bu fikri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrimizin fəaliyyəti önəmlidir. Onun sözlərinə görə, jurnalistlər dini sahədə yazı yazarkən ictimaiyyəti çaşdırmamalı, məlumatları düzgün çatdırmalıdırlar.
«Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq. Mətbuat Şurası yarandığı vaxtdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edir və jurnalistlərin dini biliklərini artırmaq üçün müxtəlif seminarlar və tədbirlər keçirir»- deyə, Ə.Amaşov qeyd edib.