Xəbərlər
Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans təşkil edilib
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ixtisaslaşdırılmış institutlarının dəstəyi ilə Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, Milli Məclisin deputatları və aidiyyəti dövlət orqanlarının əməkdaşları, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının rəhbərləri, AMEA-nın Qafqazşünaslıq, Hüquq və İnsan Haqları institutlarının aparıcı elmi işçiləri, İsrail, ABŞ və Böyük Britaniyadan olan siyasi təhlilçilər, jurnalistlər və tədqiqatçılar iştirak edirlər. Bundan başqa, “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın idarə heyətinin üzvləri, erməni əsilli tarixçi-alim Artur Ağacanov və ictimai fəal Rima Sarkisova, eləcə də Azərbaycan Alban-Udi Xristian İcmasının üzvləri, yerli və xarici KİV-lərin nümayəndələri də tədbirə qatılıblar.
Konfrans iştirakçıları əvvəlcə Dövlət Komissiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr edilən əyani vəsaitlərlə tanış olublar.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov konfransı açaraq onun məqsədi, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uğurlu siyasətin mühüm tərkib hissələri olan tolerantlığın və etnomədəni müxtəlifliyin qorunub saxlanılması, mədəniyyətlərarası dialoqun rolunun artırılması, multikulturalizmin nümunəvi Azərbaycan modelinin təbliği və təşviqidir.
Konfrans mövzu ətrafında məruzələrlə davam edir.