Xəbərlər
Nazirlər Kabinetində Azərbaycan-Moldova əlaqələri müzakirə olunub
Sentyabrın 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Bakıda səfərdə olan Moldova Baş nazirinin müavini, xarici işlər və Avropa inteqrasiyası naziri xanım Natalia Qerman ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Moldova ilə Azərbaycan arasında iqtisadi-mədəni əlaqələrə böyük maraq göstərildiyi və müxtəlif sahələrdə işbirliyinə önəm verildiyi nəzərə çatdırılıb. Bütün beynəlxalq tədbirlərdə hər iki ölkənin eyni mövqedən çıxış edərək regional münaqişələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstək verdiyi məmnunluqla xatırlanıb. Azərbaycan-Moldova iqtisadi əlaqələrinin inkişaf dinamikası qeyd edilməklə yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli faydalı əməkdaşlığın dərinləşməsinə xidmət etdiyi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.