Xəbərlər
Prezident İlham Əliyev: Azərbaycanın ehtiyatları qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli olacaq
Azərbaycanın qaz ehtiyatları qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli olacaq.
Bu fikirləri Belçika Krallığında işgüzar səfərdə olan Prezident İlham Əliyev noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasındakı çıxışında deyib.
“Enerji siyasəti bizim Avropa təsisatları ilə yaxından əməkdaşlıq etdiyimiz məsələlər arasındadır. Genişmiqyaslı enerji layihəsi olan “Cənub Qaz Dəhlizi” uğurla inkişaf edir. Bu layihənin dəyəri 40 milyard ABŞ dollarından artıqdır və bizə əlavə həcmdə təbii qaz hasil etməyə və bunu Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək. 3500 kilometrlik qaz xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir, çünki Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək”, - deyə ölkəmizin başçısı bildirib.
Dövlətimzin başçısı qeyd edib ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir və bu, qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli olacaq. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi təşəbbüsünü irəli sürdü və biz layihəyə verdiyi davamlı dəstəyə görə Avropa Komissiyasına minnətdarıq. Bu dəstək və layihənin Avropa maliyyə institutları tərəfindən maliyyələşdirilməsi onun uğurla həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir.