Xəbərlər
Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir
Noyabrın 23-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında siyasi, iqtisadi, mədəni sahələrdə strateji tərəfdaşlığımızın uğurla inkişaf etdiyini məmnunluqla xatırladan tərəflər hərbi-sənaye sahəsində əlaqələrə də böyük əhəmiyyət verildiyini bildiriblər. İqtisadi və müdafiə sahələrində əməkdaşlığın hər iki ölkənin qüdrətinin artmasına xidmət etdiyi vurğulanıb, bu istiqamətdə qarşılıqlı faydalı münasibətlərin daha da dərinləşdirilməsi, hərbi-texniki və kadr hazırlığı, şəxsi heyətin təhsili, məqsədyönlü təlimlərin və təcrübə mübadilələrinin keçirilməsi, müdafiə sənayesi sahəsində mövcud potensialdan səmərəli yararlanmağın vacibliyi diqqətə çatdırılıb.
Dünyada gedən qlobal proseslər fonunda Ermənistanın separatizmə söykənən işğalçılıq siyasətinin regionda sülhə və sabitliyə təhlükə yaratdığını deyən Baş nazir Artur Rasi-zadə, Pakistanın bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini dəstəklədiyini minnətdarlıqla qeyd edib.
Səmimi görüşə görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayat Pakistan dövlətinin bundan sonra da xalqımızın ədalətli mübarizəsində daim Azərbaycanın yanında olacağını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulayıb.
Görüşdə iqtisadi və hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.