Xəbərlər
Sahibə Qafarova: Gələn ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi inkişafını real ifadə edir
«Gələn ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi inkişafını real ifadə edir». Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, dövlət büdcəsi hazırlanarkən dünyada və regionda baş verən hadisələr, eyni zamanda ölkəmizin inkişaf gözləntilərinin nəzərə alınması təqdirəlayiqdir. Bu, Azərbaycan hökumətinin uğurlu büdcə siyasəti həyata keçirdiyini göstərir. Onun sözlərinə görə, Azərbaycanın qarşıdakı illərdə daha sürətli inkişaf meylləri əldə edəcəyinə dair proqnozlar özünü doğrultmaqdadır.
«Bu, gələn ilin dövlət büdcəsinin gəlirlərinin və xərclərinin artmasında da ifadə olunur. Büdcə layihəsinin sosialyönümlü olması, sosial xərclərin gələn ilin büdcə layihəsində üstünlük təşkil etməsi möhtərəm Prezidentimizin sosial sahənin prioritetliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlara əməl olunmasının təsdiqidir. Bu həm də onu deməyə əsas verir ki, gələn ilin dövlət büdcəsi layihəsi tərtib olunarkən əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub»- deyə, deputat qeyd edib.