YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: 2018-ci il üçün dövlət büdcəsinin layihəsi ölkəmizin sosial-iqtisadi durumu və müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib olunub

«Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş iqtisadi inkişaf strategiyası son illər dünya maliyyə-iqtisadi böhranı ilə əlaqədar ölkəmizdə makroiqtisadi sabitlik üçün yaranan təhlükələrin qarşısını almağa imkan vermişdir. 2017-ci il ölkəmizin tarixində əlamətdar hadisələrlə yadda qalacaqdır. Bu hadisələrdən biri iki ay öncə “Azəri–Çıraq–Günəşli” neft və qaz yataqları blokunun işlənilməsinə dair sazişin müddətinin 2050-ci ilədək uzadılması, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Həmin layihələr Azərbaycanın gələcək siyasi və iqtisadi dayanıqlığı üçün möhkəm zəmin yaratmışdır». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu keçirilən iclasında deyib.

O. Əsədov bildirib ki, bu gün Milli Məclisdə müzakirəsinə başladığımız büdcə zərfi sənədləri ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri əks etdirir. Onun sözlərinə görə, son illər ölkə iqtisadiyyatında baş verən önəmli hadisələrdən biri büdcə gəlirlərində qeyri-neft sektorunun payının təqribən 50 faizə çatması olmuşdur. Əgər qeyri-neft sektorunun mühüm hissəsi olan kənd təsərrüfatı istehsalının 2021-ci ilədək bütün vergilərdən azad edildiyi nəzərə alınarsa, bu göstəricinin arxasında nə qədər böyük bir potensialın dayandığını təsəvvür etmək olar.

«Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, eləcə də biznes mühitinin yaxşılaşdırılması, infrastrukturun inkişaf etdirilməsi, maliyyə bazarının təkmilləşdirilməsi və digər sahələrdə həyata keçirilən tədbirlər iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artmasına gətirib çıxarmışdır. Bunu qeyd etmək kifayətdir ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan həmin göstəriciyə görə iki pillə də irəliləyərək, dünyanın 140 dövləti arasında 35-ci yerə yüksəlmiş, MDB ölkələri arasında isə liderliyini qoruyub saxlamışdır. Qeyd olunmalıdır ki, 2018-ci il üçün dövlət büdcəsinin layihəsi ölkəmizin sosial-iqtisadi durumu və müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib olunmuşdur. Nazirlər Kabinetinin təqdim etdiyi büdcə zərfinin sənədləri göstərir ki, növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılır.

Gələn il üçün dövlət büdcəsinin gəlirləri 2017-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3,3 milyard manat, xərcləri isə 3 milyard manat çox olacaqdır. Bütün bunlar iqtisadiyyata investisiya qoyuluşunun daha da artırılmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsinə imkan yaradacaqdır. Əvvəlki illərdə olduğu kimi, büdcənin sosial yönümlülüyü saxlanılır. Gələn ilin dövlət büdcəsinin xərclərində sosial yönümlü xərclərin xüsusi çəkisi 33,5 faiz və ya 7 milyard manat proqnozlaşdırılır. Bu, 2017-ci ilə nisbətən 2,2 faiz çoxdur»- deyə, spiker vurğulayıb.