YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat həcmində proqnozlaşdırılır

2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat həcmində proqnozlaşdırılır. Bu da ÜDM-in 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 milyard manat və ya 20 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 2,621 milyard manat və ya 15 faiz çoxdur.

Bunu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 milyard manatı və ya 45,8 faizi Dövlət Neft Fondundan transfertin, 2,43 milyard manatı və ya 12,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür.

Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,4 faizi həcmində olmaqla 7,907 milyard manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 262 milyon manat və ya 3,4 faiz 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 milyon manat və ya 12,7 faiz çoxdur. Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barrel səviyyəsində götürüləcək. Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5 faiz və yaxud 5 dollar/barrel çoxdur.

2018-ci ilin büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1 faiz təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz bəndi çoxdur. Mütləq ifadədə 2018-ci ilin dövlət büdcəsində xərclər 20,906 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 2,965 milyard manat və ya 16,5 faiz, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3,154 milyard manat və ya 17,8 faiz artıqdır. 2018-ci il üçün büdcə kəsiri 778,7 milyon manat həcmində nəzərdə tutulub.

Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23 223,2 milyon manat məbləğində proqnozlaşdırılır. İlkin layihə sənədinə əsasən, bu, 2017-ci ilin proqnozundan 246 milyon manat və yaxud 1,1 faiz çoxdur. Gələn il icmal büdcənin xərcləri isə 26 674,1 milyon manat məbləğində gözlənilir. Bu isə 2017-ci ilin proqnozuna nisbətən 3 895,4 milyon manat və yaxud 12,7 faiz azdır.