Xəbərlər
Bəhram Qasemi: İranın, Azərbaycanın və Rusiyanın bir araya gəlməsi milli maraqlara xidmət edir
İranın Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Bəhram Qaseminin bu ölkənin İRNA xəbər agentliyində məqaləsi dərc olunub.
İran, Azərbaycan və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda keçirilmiş Zirvə görüşündən bəhs olunan yazıda üçtərəfli əlaqələrin əhəmiyyəti vurğulanıb.
Məqalədə qeyd olunur ki, müasir dünyada beynəlxalq münasibətlər olduqca gərgin mərhələyə qədəm qoyub. Dövlətlər arasındakı diplomatik əlaqələr dəyişikliyə məruz qalır. Belə bir çətin məqamda üçtərəfli əməkdaşlıq əlaqələrinin qurulub inkişaf etdirilməsi mühüm xarakter daşıyır. Bu gün dünyada dövlətlərin ittifaqlarda birləşməsi tendensiyası müşahidə olunur. Belə olan təqdirdə, regionun İran və Rusiya kimi böyük dövlətlərinin, eləcə də Qafqazın ən güclü və əhəmiyyətli ölkəsi olan Azərbaycanın bir araya gəlməsi milli maraqlara xidmət edir.
B.Qasemi nəzərə çatdırır ki, Tehranda keçirilən üçtərəfli Zirvə görüşü siyasi, iqtisadi və regional problemlərin həlli üçün gözəl imkan yaradır. Hər üç ölkə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşdırılmasında fəal iştirak edir və bu, çox vacibdir. Bununla yanaşı, dünyanın iki nəhəng dövləti və Azərbaycan beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə aparmaq barədə də ciddi düşünməli və məsləhətləşmələr aparmalıdırlar.
Dövlət başçılarının Tehranda keçirilən Zirvə görüşü son 4 ildə Azərbaycan ilə İran prezidentlərinin onuncu, İran ilə Rusiya rəhbərlərinin isə 9-cu görüşünə imkan yaradıb. Bu isə onu deməyə əsas verir ki, sözügedən toplantı ikitərəfli əlaqələrin də inkişaf etməsi üçün böyük zəmin formalaşdırıb.
B.Qasemi məqaləsini bu fikirlə yekunlaşdırıb: “Dünyada mövcud olan gərgin siyasi şərait, yeni təhlükələr və çağırışlar, beynəlxalq terrorçuluğun sərhəd tanımaması, ekoloji problemlər və digər təhdidlər regional əməkdaşlığı zərurətə çevirib”.