Xəbərlər
Eldar İbrahimov: Prezidentlərin üçtərəfli görüşü çox əhəmiyyətli tarixi-siyasi hadisədir
«Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri, səfər zamanı İran Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşləri, prezidentlər arasında üçtərəfli görüş çox əhəmiyyətli tarixi-siyasi hadisədir». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-İran Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, bu cür sammitlərin keçirilməsi nəinki 3 ölkənin, bütövlükdə bölgənin və dünyanın xeyrinədir. Onun sözlərinə görə, bu cür qarşılıqlı səfərlər və görüşlər narahat, yeni-yeni münaqişə ocaqlarının alovlandırıldığı dünyamızda inkişafın, tərəqqinin, sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verə bilər.
«Konkret olaraq, Azərbaycanla İran, Azərbaycanla Rusiya, bütövlükdə bu 3 ölkə arasında qarşlıqlı etibara və etimada dayanan yüksək səviyyəli qonşuluq, dostluq münasibətləri var və bu münasibətlər hər gün yüksələn xətt üzrə inkişaf , bölgəmizdə, regionumuzda sülhə, sabitliyə, təhlükəsizliyə xidmət etməkdədir. Qonşu dövlətlərlə dostluq, yüksək səviyyəli münasibətlərin qurulması hər bir müstəqil dövlət üçün çox vacibdir və mühüm əhəmiyyətə malikdir. Çünki qonşu dövlətlərlə bu və ya digər səbəblərdən düzgün münasibətlər qurulmayanda bundan ilk növbədə həmin dövlətlərin və onların xalqlarının özləri əziyyət çəkirlər. Ancaq münasibətlər normal olanda, normal tənzimlənəndə bu həmin dövlətlərin və qonşu xalqların özlərinə böyük və müsbət təsirini göstərir, öz töhfələrini verir. Azərbaycan da bu baxımdan öz qonşuları ilə qarşılıqlı etibara və etimada dayanan münasibətlərə böyük önəm verir. Azərbaycan bu gün istər İranla, istərsə də Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu münasibətlərin bu səviyyəyə qalxmasında Ulu öndərimiz Heydər Əliyevin və Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Ümumilikdə, bu 3 ölkə arasında münasibətlərin, əməkdaşlığın möhkəmləndirilməsi hər zaman diqqət mərkəzində olmalıdır və çox sevindiricidir ki, bu gün də diqqət mərkəzindədir. Bundan qazanan bizlər, xalqlarımız və dövlətlərimiz olur və olacaq»- deyə, E.İbrahimov vurğulayıb.