YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov ölkəmizdə Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçlə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 2-də ölkəmizdə rəsmi səfərdə olan Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçlə görüşüb.

Görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulanıb.

Srcan Darmanoviç Azərbaycanın mürəkkəb regionda konstruktiv və sabitləşdirici rol oynadığını bildirib və tərəflər arasında mütəmadi yüksək səviyyəli dialoqu yüksək qiymətləndirib.

Nazirlər ölkələrimiz arasında imzalanmış çoxsaylı müqavilələrin önəmini qeyd ediblər.

Bakı-Tbilisi-Qars dəmir yolunun bu günlərdə istifadəyə verildiyini xatırladan nazir Elmar Məmmədyarov strateji əhəmiyyətli bu layihənin Avropanı Asiya ilə birləşdirən ən qısa və sərfəli yol olduğunu bildirib. Nazir Srcan Darmanoviç bu strateji layihə münasibətilə Azərbaycan tərəfini təbrik edib.

Həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycan şirkətlərinin Monteneqrodakı fəaliyyəti təqdir edilib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu bildirilib. Qarşılıqlı sərmayə yatırımını təşviq etmək və iki ölkə arasında ticarət dövriyyəsini artırmaq məqsədilə biznes-forumların keçirilməsinin vacibliyi vurğulanıb. Turizm, təhsil, gənclər və idman, elm və texnologiya sahələrində ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib.

Eyni zamanda, Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma olduğu qeyd olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov nizamlanma ilə bağlı ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktına əsaslanan ədalətli mövqeyini bir daha bəyan edib.

Monteneqro naziri ölkəsinin münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nazirlər görüşdə müzakirə olunan məsələlərlə bağlı mətbuat konfransı keçiriblər.