Xəbərlər
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının çox geniş əlaqələri var
«Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının çox geniş əlaqələri var. Partiyalarımızın müxtəlif qolları da sıx əməkdaşlıq edirlər. Belə ki, partiyaların qadınlar, gənclər təşkilatları və yerli strukturlarının da yaxşı münasibətləri mövcuddur. Bu yaxınlarda AKP-nin qurultayında YAP nümayəndə heyətinin iştirak etməsi də münasibətlərimizin yüksək olmasının göstəricisidir». Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, qurultayda YAP nümayəndə heyətinin üzvləri AKP-nin yeni rəhbərliyi ilə görüşərək gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Eyni zamanda, partiyalar arasında əlaqələrin gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
«Bilirsiniz ki, Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan ilk xarici rəsmi səfərini Azərbaycan edir. Bu, Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətt üzrə inkişafının göstəricisidir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl xarakterizə edən Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamıdır. Tarix göstərir ki, hər zaman xalqlarımız və cəmiyyətimiz bu mövqedən çıxış edərək bir-birinin köməyinə çatıblar. Ümumiyyətlə, ölkələr arasında tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır. Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqe xüsusilə təqdir olunur. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq, 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə əlaqələrə son qoyaraq sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və beynəlxalq hüquqa zidd əməlin dayandırılmasını tələb edən qərarlarının qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.