Xəbərlər
Sergey Lavrov: MDB Xarici İşlər Nazirləri Şurasının iclası çox məzmunlu keçdi
“MDB Xarici İşlər Nazirləri Şurasının (MDB XİNŞ) iclası ənənəvi səmimilik şəraitində keçdi və çox məzmunlu oldu. İclasın gündəliyinə 20-yə yaxın məsələ daxil edilmişdi. Onların təqribən yarısı Dövlət Başçıları Şurasının (DBŞ) sabahkı iclasının təsdiqinə, bir məsələ isə Hökumət Başçıları Şurasının təsdiqinə təqdim ediləcək”.
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu sözləri MDB XİNŞ-in Soçidə keçirilmiş iclasının yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
RF XİN başçısı qeyd edib ki, iclasda iki mühüm sənəd bəyənilib: Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına, terrorizmin maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində Əməkdaşlıq Konsepsiyası və Korrupsiyaya qarşı Mübarizə Konsepsiyası.
Nazirin sözlərinə görə, hərbi sahədə əməkdaşlıq çərçivəsində MDB iştirakçısı olan dövlətlərin hava hücumundan müdafiəsi üzrə mövcud birləşmiş sistemin hava-kosmik müdafiə məsələlərinin həllinə uyğunlaşdırılmasının əsas istiqamətləri haqqında qərar qəbul edilib.
2018-ci il yanvarın 1-dən MDB-də Tacikistan sədrlik edəcək. MDB XİNŞ-in növbəti iclası 2018-ci il aprelin 6-da Minskdə keçiriləcək.