YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi bu gün II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.

Bakı Dövlət Universitetinin (BDU) ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev Aida İmanquliyevanın Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri olduğunu qeyd edib.

V.Məmmədəliyev deyib ki, Aida İmanquliyeva fundamental tədqiqatları ilə yalnız Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirib və inkişaf etdirib.

Alim əlavə edib ki, Aida İmanquliyeva qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin elmi irs qoyub.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 10 oktyabrın İnstitutun kollektivi üçün çox önəmli gün olduğunu xatırladıb: “Artıq 26 ildir ki, biz Aida xanımın doğum gününü onsuz qeyd edirik. Aida xanımın vaxtsız həyatdan getməsi bizim hər birimiz, bütün kollektivimiz, eyni zamanda onun həmkarları üçün həqiqətən də çox böyük itki oldu. Aida xanımın həyatdan getməsi ilə bizim institutda yaranmış boşluq hələ də dolmur. Biz hamımız o boşluğu hiss edirik. Hamımızın həyatı – onunla işləyənlər bunu çox gözəl bilirlər - Aida xanımın adı, varlığı ilə sıx bağlı idı. Məsələn, mən o vaxt nə yazırdımsa, düşünürdüm ki, Aida xanım bunu oxuyub, nə deyəcək? Mən onun xeyir-duası ilə elmə qədəm qoydum və elmi işlərimi davam etdirdim. Həmişə danışanda deyirəm ki, mənim Ələsgər müəllim, Ziya Bünyadov, Aida xanım kimi gözəl müəllimlərim olub. Biz həqiqətən də xoşbəxtik ki, o cür insanlarla ünsiyyətdə olmuşuq, onların rəhbərliyi altında çalışmışıq, onlardan çox şey öyrənmişik”.

Bu istiqamətdə aparılan işlərin indi də davam etdiyini deyən G.Baxşəliyeva qeyd edib ki, bu yaxınlarda akademik Səlahəddin Xəlilovun Aida xanımın yaradıçılığı haqqında yeni kitabı çap olunub.

Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutunda uzun müddət rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsinin hazırki müdiri professor Vilayət Cəfərov bu gözəl alimlə bərabər işlədiyini söyləyib.

O qeyd edib ki, Ərəb filologiyası şöbəsi Aida xanımın rəhbərliyi altında 1978-ci ildə fəaliyyətə başlayıb. Bu şöbə onun rəhbərliyi ilə çox böyük uğurlar qazanıb: " Aida İmanquliyeva Qərb və Şərqin mənəvi dəyərlərini özündə birləşdirib. O, müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açıb. Aida xanımın vaxtsız vəfatı həm rus, həm də Azərbaycan şərqşünasları üçün ağır bir itki idi”.