Xəbərlər
Mikayıl Cabbarov: qarşılıqlı tələbə mübadiləsi təhsillə yanaşı, xalqlar arasında dostluğun güclənməsində də mühüm rol oynayacaq
Son illərdə Azərbaycanla Çin arasında təhsil sahəsində əməkdaşlıq fəallaşıb. Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində Azərbaycan Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında memorandum əsasında son iki ildə 43 Azərbaycan vətəndaşı Çində, 41 Çin vətəndaşı isə Azərbaycanda qarşılıqlı təqaüdlər hesabına ali təhsil almaq hüququ qazanıb.
Nazir bildirib ki, qarşılıqlı tələbə mübadiləsi təhsillə yanaşı, xalqlar arasında dostluğun güclənməsində də mühüm rol oynayacaq.
Nazir əlavə edib ki, 1 dekabr 2016-cı il tarixdə Azərbaycanın Təhsil və Kənd Təsərrüfatı nazirlikləri ilə Çinin iqtisadi-texniki mübadilə üzrə Mərkəzi arasında informasiya və kommunikasıya texnologiyaları sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
M.Cabbarovun sözlərinə görə, bu saziş çərçivəsində ayrılan vəsaitin bir qismini regionlarda yerləşən ümumtəhsil məktəblərinin İKT avadanlıqları ilə təchiz edilməsinə xərclənməsi nəzərdə tutulub.
Nazir bildirib ki, texniki dəstək çərçivəsində Çin tərəfindən Azərbaycanının Təhsil və Kənd Təsərrüfatı nazirliklərinə 20 min noutbuk, 800 interaktiv lövhə və 800 proyektor təqdim olunub.
M.Cabbarovun sözlərinə görə, təqdim olunan bu texniki avadanlıqların məhz ümumtəhsil müəssisələrində istifadə olunması nəzərdə tutulur.