YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 43-cü cildi çapdan çıxıb

“Azərbaycan bölgədə və dünyada öz mövqelərini möhkəmləndirə bilmişdir. Xarici siyasətdə uğurlarımızı təmin edən nədir? Daxildə gedən iş. Əgər daxildə işlər yaxşı səviyyədə qurulmayıbsa, istənilən ölkənin xarici siyasəti uğurlu ola bilməz. Daxildə möhkəm təməl üzərində qurulan iqtisadiyyat, sosial rifah, inkişaf, sabitlik, xalqla iqtidar arasında birlik – budur bizim ölkə kimi beynəlxalq mövqelərimizi gücləndirən amillər. O ki qaldı daxili işlərə, mən çalışıram və çalışacağam ki, Azərbaycan xalqı yaxşı yaşasın. Bütün məsələlər öz həllini tapsın. Sosial, iqtisadi, mədəni - bütün sahələrdə gözəl işlər görülsün. Biz bu gözəl işləri gözəlləşən şəhərlərimizin gözəlləşən simasında görürük”.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 43-cü cildində yer alan bu fikirləri dövlətimizin başçısı 2010-cu il noyabrın 1-də Saatlı rayonunun Yeni Novruzlu kəndində tikilmiş yaşayış evləri ilə tanış olarkən söyləyib.

Çoxcildliyin yenicə çapdan çıxmış 43-cü kitabı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən bəhs edən informasiya ilə başlayır. Bu nəşrə daxil olan materiallar 2010-cu ilin oktyabrından dekabr ayınadək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin yeni nəşrində dövlətimizin başçısının Rusiyaya işgüzar, Ukraynaya rəsmi səfərlərinə, NATO-nun Portuqaliyada keçirilən zirvə toplantısında, ATƏT-in Qazaxıstanda keçirilən VII Sammitində, İqtisadi Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən XI Sammitində iştirakına, bu tədbirlər çərçivəsində bir sıra dövlət və hökumət başçıları ilə apardığı danışıqlara dair materiallar toplanıb.

Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarının qayəsini Ermənistanın işğalçılıq siyasəti, regionun inkişafına əngəl olan Dağlıq Qarabağ problemi və bu problemin həlli yolları təşkil edir.

Dövlətimizin başçısının Azərbaycana səfər etmiş İran, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentləri ilə apardığı danışıqlara, enerji və qeyri-neft sektoru üzrə imzalanmış müqavilələrə dair informasiyalar da bu kitabda dərc olunub.

Çoxcildliyin 43-cü kitabında Prezident İlham Əliyevin paytaxtımızda keçirilən beynəlxalq tədbirlərdə iştirakı, Türkiyə, Rusiya, Almaniya, Polşa, Türkmənistan, Monteneqro, Böyük Britaniya və digər dövlətlərdən, həmçinin mötəbər təşkilatlardan ölkəmizə səfər etmiş yüksək vəzifəli şəxslərlə görüşləri barədə materiallar verilib.

Bundan başqa, kitabda Azərbaycan Prezidentinin Salyan, Sabirabad, Saatlı, İmişli, Yevlax, Füzuli, Ağdam rayonlarına səfərlərinə, ictimaiyyət nümayəndələri ilə görüşlərinə, paytaxtımızda yenidənqurma işləri ilə tanışlığına dair materiallar, regionların sosial-iqtisadi inkişaf proqramının icrası ilə bağlı çıxışları, nitqləri, kütləvi informasiya vasitələrinə müsahibələri və bəyanatları yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 43-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.

DİGƏR Xəbərlər Arxiv