Xəbərlər
Nurlana Əliyeva: Partiyamızın Qadınlar Şurası Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək məramlı örnək və nümunə kimi qəbul edir
«Azərbaycanın birinci xanımı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın YAP-ın Sədr müavini, eləcə də partiyanın Qadınlar Şurasının İdarə Heyətinin üzvü olmasından qürur hissi keçiririk. Bu fakt bir daha göstərir ki, dövlətimizlə partiyamızın məramı qoşa qanad kimi cəmiyyətimizin inkişafına istiqamətlənib. Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınına örnək olan, ona yol göstərən fəaliyyətdir. Bu mənada, YAP Qadınlar Şurasının üzvləri də öz fəəaliyyətlərində Mehriban xanımın fəaliyyətini bir örnək kimi qəbul edir». Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva deyib.
N.Əliyeva bildirib ki, Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı, eləcə də, qadın siyasətinin inkişafında tarixi xidmətləri vardır. Onun sözlərinə görə, Mehriban xanım ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərdəki çıxışlarında bütün dünyanı sülhə, əməkdaşlığa və birliyə səsləyir. Mehriban xanımın bu çağırışları dünya qadınları tərəfindən yüksək qiymətlənidirilir.
YAP Qadınlar Şurasının sədri qeyd edib ki, ölkəmizdə həyata keçirilən düzgün, uzaqgörən, Vətənimizin çiçəklənməsinə yönələn siyasətdə, Azərbaycanın qloballaşan dünyaya verdiyi töhfələrin yeni dinamikasına dünyanın dörd bir tərəfindən gələn qonaqların təəssüratlarında Mehriban xanım Əliyevanın möhtəşəm fəaliyyəti, onun gündən günə dünyada artan nüfuzu Vətənimizin mənəvi dəyərlərinin canlı təcəssüsümüdür. N.Əliyeva deyib ki, Mehriban Əliyevanın unikal siyasəti Avropaya öz mənəvi dəyərlərimizlə getmək, onları Avropada tədricən tanıtmaq, bu minvalla ölkənin xaricdə yeni obrazını yaratmaq, ölkəmizin bugünkü mənəvi potensialından, mədəni arsenalından istifadə etmək, mənəvi dəyərlərin qüdrətini göstərməkdən ibarətdir. Bütün bunlar Azərbaycanın yeni mədəni və siyasət xəttinin əsas strategiyasıdır və nəticələrə diqqət yetirərkən Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın xarici mədəni siyasətinin heyranedici və möhtəşəm təqdimatının ürəkaçan reallığı görünür. Bu reallıq doğma Vətənimizin yeni beynəlxalq imicidir! Bu, azad, müasir, çoxmədəniyyətli dövlət imicidir, ölkəmizin Avropanın ayrılmaz hissəsinə çevrilməsi faktıdır! Bu faktın yaranmasında Birinci vitse-prezident Mehriban Əliyevanın ardıcıl fəaliyyəti, misilsiz mədəniyyət səfiri olmaq bacarığı və istedadı həlledici rol oynayıb.
«Bu gün YAP-ın sıralarında 700 mindən çox insan birləşib və bu böyük ordudur. Bu ordunun sıralarında qadınlar təxminən 50 faiz təşkil edir. Qadınlar Şurası YAP-ın məramını həyata keçirməkdə çox möhtəşəm qüvvədir. Partiyamızın Qadınlar Şurasında akademiklər, yüzlərlə elmlər doktoru, müxtəlif elmlər üzrə fəlsəfə doktoru, həkimlər, müəllimlər, digər peşə sahiblərindən olan ziyalılar təmsil olunurlar. Onlar cəmiyyətdə yüksək mövqeli, vətənə xidmət üçün ömürlərini sərf edən insanlardır. Bu, mükəmməl, ağlın-zəkanın birləşdiyi bir tərkibdir. Bunun sayəsində YAP-ın sıralarına hər il minlərlə qadınlarımız gəlir. Bu qadınların önündə isə Mehriban xanım Əliyeva dayanır. Yeni Azərbaycan Partiyasının sıralarında birləşən qadınlarımızı məhz bir amal birləşdirir – Dövlətimizi daha da inkişaf etdirmək, ölkədə sabitliyi, əmin-amanlığı qorumaq, övladlarımızın xoşbəxt gələcəyini təmin etmək. Bu gün gələcəyimiz, övladlarımız, cəmiyyətimizin parlaq sabahı üçün uğurlu fəaliyyət göstərən mərd və mübariz Azərbaycan qadını dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır. Partiyamızın Qadınlar Şurası ölkəmizin uğurlarının, Prezident İlham Əliyevin müdrik siyasətinin təbliğini də əsas vəzifələrindən biri hesab edir və bu yöndə fəaliyyətini davam etdirir. Qadınlar Şurasının üzvləri ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, bölgələrdə maarifləndirmə tədbirləri, xeyriyyə aksiyaları keçirir, qadın-ana şəfqətinə ehtiyac duyulan qurumlarda görüşlər təşkil edir, müxtəlif mahiyyətli tədbirlər keçirir, cəbhə bölgələrində, hərbi hissələrdə, ahıllar və əlillər evində, ata-ana himayəsindən məhrum uşaqların məskunlaşdığı internat evlərində olurlar. Onlar beynəlxalq forumlarda, konfranslarda, sammitlərdə Azərbaycan həqiqətlərinin carçısı kimi iştirak edirlər, öz fəaliyyətlərində Mehriban xanım Əliyevanın yaratdığı xeyriyyəçilik hərəkatını və ictimai-siyasi fəaliyyətini örnək və nümunə bilirlər»- deyə, YAP Qadınlar Şurasının sədri vurğulayıb.