Xəbərlər
Azərbaycan FHN Gürcüstanda digər yanğın ocaqlarının söndürülməsi əməliyyatlarına da qoşulub
Gürcüstandakı meşə yanğınları ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirlyinin (FHN) bölgəyə cəlb edilmiş qüvvələri onlara həvalə edilən mürəkkəb relyefə malik ərazilərdəki digər yanğın ocaqlarının söndürülməsi istiqamətində yanğınsöndürmə əməliyyatlarını uğurla davam etdirirlər.
FHN-dən verilən məlumata görə, avqustun 23 və 24-də Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsi onlara həvalə olunmuş ərazilərdəki yanğın ocaqlarını söndürüblər.
Bundan əlavə, FHN hadisə rayonuna ezam edilmiş yanğınsöndürmə-xilasetmə dəstəsinin operativ və səmərəli fəaliyyətinin, gündəlik həyat təminatının və istirahətinin təmin edilməsindən ötrü səhra şəraiti üçün nəzərdə tutulmuş çadırlar qurub və səyyar mətbəx quraşdırıb.
Qeyd edək ki, avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, FHN Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
FHN-nin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri 11 nəfər şəxsi heyəti ilə avqustun 22-də saat 06:30 radələrindən Borjomi-Xaraqulsk qoruğunda kəşfiyyat uçuşlarına başlamış və 06:40 radələrindən yanğının söndürülməsi əməliyyatına qoşulub.
Eyni zamanda Gürcüstan Hökumətinin müraciətinə əsasən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 22-də FHN-in xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi Gürcüstana yola düşüb. Barjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsində iştirak edən xilasetmə dəstəsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının müvafiq yanğınsöndürmə texnikaları və şəxsi heyəti (fərdi yanğınsöndürmə vasitələri ilə təchiz edilmiş) cəlb olunub. Həmçinin Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin yanğının baş verdiyi mürəkkəb relyefli ərazilərdə daha operativ xilasetmə və yanğınsöndürmə əməliyyatları aparılması məqsədi ilə xüsusi hazırlıq keçmiş 26 xilasedicisi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə hadisə yerinə desant çıxarılıb.
Ümumilikdə təbii fəlakət zonasına Azərbaycanın FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdir.