Xəbərlər
Ermənistan rəhbərliyinin cəbhədəki məğlubiyyətlərin əvəzini virtual məkanda çıxmaq niyyəti də uğursuzluqla nəticələnir
Ermənistan rəhbərliyinin cəbhədəki məğlubiyyətlərin əvəzini virtual məkanda çıxmaq niyyəti ilə atdığı addımlar da uğursuzluqla nəticələnir.
Bunu hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
Y.Aydəmirov deyib: “Erməni mətbuatı guya azərbaycanlı əhalinin cəbhəboyu kəndləri tərk etməsi barədə dezinformasiya xarakterli məlumatlar yayır. Əminliklə deyə bilərəm ki, bu cür məlumatların əsası yoxdur. Əhali Azərbaycan Ordusuna güvənir, kəndlərdə rahat, arxayın yaşayır, gündəlik təsərrüfat işləri ilə məşğul olur. Ermənistan silahlı qüvvələrinin vəziyyəti gərginləşdirmək məqsədilə yaşayış məntəqələrimizi və dinc əhalini mütəmadi atəşə məruz qoyması isə heç kəsi qorxutmur və kimsə də öz yurd-yuvasını tərk etmək niyyətində deyil”.
Ekspert qeyd edib ki, ermənilərin şişirdərək guya yaşayış məntəqələrimizdə atəş nöqtələrinin yerləşdirilməsi və bu səbəbdən əhali ilə hərbçilər arasında mübahisələrin yaranması barədə yazdıqları da növbəti erməni riyakarlığıdır. Atəş nöqtələrimizin kəndlərdə yerləşdirilməsi iddiası isə Ermənistan hərbi rəhbərliyinin real vəziyyətdən tamamilə bixəbər olmasının göstəricisidir. Qarşı tərəfdən fərqli olaraq Azərbaycanın hərbi kəşfiyyatı düşmən haqqında yetərincə və hərtərəfli məlumata malikdir. Odur ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin mətbuata ötürdüyü xəbərlər ancaq vəziyyətə bələd olmayan, daim aldadılan erməni əhalisi üçün keçərli ola bilər və bununla onlar özlərini təmizə çıxarmaq məqsədini güdürlər.
Dezinformasiya məqsədilə düşmən tərəfindən sonuncu yayılan və cəbhəboyu kəndlərdə vəziyyətlə bağlı iddia edilən guya “idarə rəisinin Müdafiə Nazirliyinin rəhbərliyi”nə ünvanladığı “məktub”dur.
Bu saxta “məktub” o dərəcədə bisavad və səriştəsiz hazırlanıb ki, onu ciddi qəbul etmək düzgün deyil. Bu, erməni qeyri-peşəkarları tərəfindən tələm-tələsik uydurulmuş və səliqəsiz düzüb-qoşulmuş bir kağız parçasıdır.
Ermənilərin bu kimi saxtakarlığı son günlər Azərbaycan mətbuatında işğalçı ordudakı neqativ hallar barədə yayılan faktlara cavab olaraq ermənisayağı atılmış növbəti bir addımdır.