Xəbərlər
Flora Qasımova: Dinc əhaliyə, uşaqlara qarşı mübarizə aparılmamalı və onlara xəsarət yetirilməməlidir
«Ermənistanın davamlı olaraq atəşkəsi pozması növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını və müharibənin ən çirkin variantlarını aparmaq istəyində olduğunu göstərir». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.
F.Qasımova bildirib ki, dinc əhaliyə, uşaqlara qarşı mübarizə aparılmamalı və onlara xəsarət yetirilməməlidir.
«Ancaq Ermənistan silahlı qüvvələri bunu etməklə Azərbaycan ictimaiyyətində gərginlik yaratmaq, 90-cı illərin xofunu qaytarmaq və situasiyada təşəbbüsü ələ almağa çalışır. Onlar unudurlar ki, Azərbaycan dövləti müstəqilliyini daim möhkəmləndirir, qüdrətlənir, o cümlədən öz ordusunu mütəmadi olaraq gücləndirir. Ermənistanın bu provokasiyası cəzasız qalmayacaq. İşğalçı ölkə bunun cavabını alacaq. Azərbaycan dövlətinin ən ümdə vəzifəsi öz vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Ermənistanın bu hərəkəti onun cəbhə xəttində vəziyyəti gərginləşdirmək üçün bütün çirkin yollara əl atdığını göstərir. Bu məsələdə Azərbaycan dövləti özünün qətiyyətini göstərib və göstərəcək»- deyə, deputat qeyd edib.