Xəbərlər
Məlahət İbrahimqızı: Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib
«Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara və dövrün tələblərinə müvafiq şəkildə uğurla davam etdirilməsi bütün sahələrdə davamlı tərəqqinin əldə olunmasını şərtləndirib». Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardicil islahatlar sayəsində Azərbaycan son 13 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı və ugurlu addımlar atıb. Onun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrinin iqtisadi böhranlar və maliyyə problemləri ilə qarşı-qarşıya qaldığı bir şəraitdə ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlər böyük nikbinlik doğurur.
«Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı bir neçə dəfə artıb ki, bu da mühüm göstəricidir. Digər tərəfdən, Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faiz respublikamızın payına düşür. Təbii ki, bütün bunlar sosial siyasətin uğurlu olmasını da şərtləndirib və qeyd etdiyim kimi, insanların rifah halı daha da yaxşılaşıb, əhalinin məşğulluq səviyyəsi artıb, işsizlik ciddi şəkildə azalıb»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.