YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Hər üç sahə üzrə istehsal imkanları genişdir və respublikamızın bu baxımdan ixrac potensialını genişləndirmək imkanı yaradır

«Azərbaycan yeni şəraitdə qeyri-neft iqtisadiyyatının mühüm istiqamətlərindən biri kimi aqrar sektorun inkişafına böyük diqqət göstərir. Bu sahədə istehsal və ixrac imkanlarının artırılması məqsədilə yeni proqramlar qəbul edilir, praktiki müstəvidə ciddi tədbirlər görülür». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafının prioritet hədəflərdən biri kimi müəyyənləşdirilməsi isə heç də təsadüfi deyil. Çünki Azərbaycan aqrar sektorda geniş potensiala malik olan ölkədir. Onun fikrincə, münbit torpaqlar, gözəl iqlim xüsusiyyətləri, ölkənin əlverişli coğrafi mövqedə yerləşməsi, son illərdə regionlarda yaradılan müasir infrastruktur, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi respublikamızda kənd təsərrüfatının inkişafı qarşısında geniş perspektivlər açır.

«Aqrar sektorun zəngin potensialından səmərəli istifadə etməklə Azərbaycan həm ərzaq məhsullarına olan daxili tələbatını sırf yerli istehsal hesabına təmin edə bilər, həm də yaxın, uzaq xarici bazarlara yüksəkkeyfiyyətli məhsullar çıxarar. Bütün bunlar respublikamızda aqrar sektorun üstün inkişafının təmin olunmasının aktuallığı barədə konkret təsəvvür yaradır. Prezident İlham Əliyev daim ölkəmiz üçün kənd təsərrüfatının inkişafının önəmini xüsusi vurğulayır. Son illərdə intensiv metodlardan geniş istifadə olunması, yeni təsərrüfatçılıq üsullarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Prezident İlham Əliyevin sədrliyi ilə Qax rayonunda keçirilən respublika müşavirəsində tütün, barama və fındıq istehsalının inkişafı məsələləri geniş müzakirə edilib. Hər üç sahə üzrə istehsal imkanları genişdir və respublikamızın bu baxımdan ixrac potensialını genişləndirmək imkanı yaradır. Əminəm ki, dövlət başçısının verdiyi tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək və gələcəkdə bu sahələr üzrə yüksək nəticələr əldə olunacaq. Sahibkarlar və yerli fermerlər bu məsələdə daha da fəal olmalıdırlar. Çünki dövlətimiz onlara hər cür dəstək verir»- deyə, E.Səlimov qeyd edib.