YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan mətbuatı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətindən bəhs edir

Pakistanın nüfuzlu “Pakistan Observer” qəzeti, “DNA News” informasiya agentliyi və “Centreline” jurnalı tanınmış jurnalist Həmid Şahinin “Mehriban Əliyeva: Kədəri sevincə çevirən insan” adlı məqaləsini yayıb.

Müəllif oxucuları Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti haqqında məlumatlandırır.

Yazıda Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətinə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu vasitəsi ilə başladığı qeyd edilir. Bildirilir ki, birinci xanım 2004-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun prezidenti vəzifəsinə təyin olunduqdan sonra bu fəaliyyətini daha da genişləndirib.

Məqalədə mədəniyyət, idman sahələrinin inkişafının Fondun prioritet istiqamətlərindən biri olduğu qeyd edilir, bu sahələrdə görülən işlərdən bəhs edilir. Həmçinin uşaq problemlərinin həllinin də Fondun diqqət mərkəzində olduğu vurğulanır, bu təşkilat tərəfindən yüksək standartlara cavab verən məktəblərin, xəstəxanaların tikildiyi bildirilir.

Müəllif Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox ölkələrdə uşaq və ahıl evlərinə maddi və mənəvi yardımlar edildiyini, əlil uşaqların cəmiyyətə inteqrasiyası üçün yay düşərgələrinin təşkil olunduğunu, qanvermə aksiyalarının həyata keçirildiyini diqqətə çatdırır.
Azərbaycanda bütün dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadıqlarını bildirən jurnalist Heydər Əliyev Fondunun prezidentinin dinlərarası dialoq mövzusunda keçirilmiş bir çox beynəlxalq konfransların təşəbbüskarı olduğunu yazır. O əlavə edir ki, Mehriban Əliyeva, həmçinin Azərbaycanda bir sıra müsəlman, katolik və ortodoks dini məbədlərinin yenidən qurulması və bərpasının təşəbbüskarıdır.

“Eurovision 2012” nin Bakıda keçirildiyi xatırlanan məqalədə Azərbaycana gəlmiş çoxsaylı insanların xalqın qonaqpərvərliyindən, bu mötəbər müsabiqənin yüksək səviyyədə təşkil olunmasından çox razı qaldıqları, Bakının gözəlliyindən heyran olduqları bildirilir. Jurnalist “Eurovision 2012” nin keçirilməsi ilə bağlı Təşkilat Komitəsinə Mehriban Əliyevanın rəhbərlik etdiyini xatırladır.

H.Şahin, həmçinin məqalədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda səhiyyə, təhsil və humanitar sahələrdə həyata keçirilən layihələrdən ətraflı bəhs edir. O vurğulayır ki, bütün bu işlər dost və qardaş ölkələr olan Azərbaycan ilə Pakistan arasında münasibətlərin daha da güclənməsinə xidmət edir.

Yazıda dünya mədəni irsinin qorunub saxlanılması istiqamətində gördüyü işlərə görə Azərbaycanın birinci xanımının bir sıra dövlətlərin yüksək mükafatları ilə təltif olunduğu vurğulanır.