Xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara-2017" musiqi gecəsinin fəxri qonağı olub
"Jara-2017" Beynəlxalq Musiqi Festivalının dördüncü – sonuncu günü Rusiyanın Əməkdar Artisti Qriqori Lepsin yaradıcılığına həsr edilib.
Musiqi gecəsinin fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Konsert zamanı Leyla Əliyeva “Jara”nın aparıcıları Yana Çurokovanın və Maksim Qalkinin suallarını cavablandırıb.
Aparıcı Leyla Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük işlər gördüyünü xatırladıb, bu festivalın əhəmiyyəti barədə onun fikirlərini soruşub.
Leyla Əliyeva deyib: “Bu, çox gözəl festivaldır. Burada o qədər sevgi, o qədər mehribanlıq və şənlik, o qədər gözəl artist və qonaq var ki... Çox böyük sevincdir. Əlbəttə ki, bütün gənclərimizə və qonaqlarımıza təşəkkür etmək istəyirəm. Çünki belə ab-havanı birlikdə yaradırıq. Hamıya təşəkkür edirəm. Qoy hər günümüz belə səadət dolu olsun.
Aparıcı: Düşünürəm ki, barəsində danışdığın bütün bu keyfiyyətlər həm də festivalın ideya ruhlandırıcısı kimi sizdən gəlir.
Leyla Əliyeva: Hamımızdan.
Aparıcı: Bəli, tamamilə doğrudur. Təşəkkür edirəm.
Gecədə əvvəlcə səhnəni Lev Leşşenko və Jasmin bölüşüblər. Daha sonra Nikolay Baskov səhnəyə çıxaraq festival günlərində Alla Puqaçovanın və Sofiya Rotarunun yaradıcılıq gecələrinin keçirildiyini xatırladıb və onların repertuarlarından mahnılar səsləndirib.
Lolita və Nərgizin ifalarından sonra EMİN-in Aleksandr Marşalla, Sergey Lazarevin isə Dima Bilanla oxuduğu duetlər gecəyə xüsusi hərarət qatıb. “Jara”da iştirak etməkdən çox xoşbəxt olduğunu deyən Sergey Lazarev növbəti festivalın da möhtəşəm keçəcəyinə əminliyini bildirib.
Sonra səhnəyə LOBODA çıxıb. O, Bakıda olmasından, “Jara”nın səhnəsində çıxış etməsindən böyük şərəf hissi duyduğunu bildirib. “Bu dörd gün çox möhtəşəm oldu. Qonaqpərvərliyə görə çox sağ olun”, - deyə LOBODA qeyd edib.
Sevilən mahnılarını səsləndirən Vaxtanq Kikabidze keçmiş Sovet İttifaqında Bakı kimi ikinci gözəl şəhərin olmadığını deyib.
Konsertdə Stas Mixaylov, IOWA və MBAND qrupları, Diana Arbenina, Soso Pavliaşvili, Slava da öz mahnılarını oxuyublar. Stas Mixaylov “Jara” festivalında görüşməyin bir ənənəyə çevriləcəyinə ümidvar olduğunu bildirib.
Miri Yusiflə Röyanın duetindən sonra gecənin səbəbkarı Qriqori Leps tamaşaçıların sürəkli alqışları ilə səhnəyə çıxıb və məşhur hitlərini ifa edib. O, həmçinin Aleksandr Marşal, Soso Pavliaşvili, Diana Arbenina, Dima Bilan, Vladimir Presnyakov, EMİN, Valeri Meladze, Sergey Lazarev ilə duetlər oxuyub.
Konsertin sonunda “Jara” festivalının təşkilatçıları EMİN, Qriqori Leps və Sergey Kojevnikov səhnəyə çıxıblar.
EMİN festivalın təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bir daha minnətdarlığını bildirib.
Gecə atəşfəşanlıqla yekunlaşıb.
Bununla da dörd gün ərzində tamaşaçılarda unudulmaz anlar bəxş edən “Jara-2017” Beynəlxalq Musiqi Festivalı başa çatıb. Ötən dörd gündə onlar, sözün əsl mənasında, “Jara”nın hərarətini hiss etdilər, bu musiqi bayramının həyəcanını yaşadılar. Builki festival “Jara”ya təkcə paytaxtımızın sakinlərinin deyil, dünyanın müxtəlif guşələrindən musiqi həvəskarlarının da böyük maraq göstərdiklərini sübut etdi.
Müğənni və bəstəkar EMIN-in, Əməkdar Artist Qriqori Lepsin, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovun birgə təşkilatçılığı ilə ərsəyə gələn festivalın iştirakçılarının sayının artması “Jara”ya marağın yüksək olmasından xəbər verir. Belə ki, əgər keçən il Bakıya artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlmişdisə, bu il bu rəqəm 800-ü keçdi.
Festival çərçivəsində Alla Puqaçovanın, Sofiya Rotarunun, Qriqori Lepsin yaradıcılıq gecələri keçirildi. Filip Kirkorov, A’Studio, LOBODA, Valeri Meladze, EMİN, Ani Lorak, Dima Bilan, Nikolay Baskov, Layma Vaykule, Kristina Orbakayte, Oleq Qazmanov, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Soso Pavliaşvili, Lolita və rus estradasının digər məşhur simaları sevilən mahnılarını səsləndirdilər.