YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şəki və İsmayıllıda da konsertlər olacaq

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə iyulun 29-dan avqustun 3-dək keçiriləcək IX Beynəlxalq Musiqi Festivalın konsertləri Qəbələ ilə yanaşı, Şəki və İsmayıllı şəhərlərində də təşkil olunacaq.

Festivalın ilk konserti iyulun 29-da saat 18:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera musiqi zalında olacaq. Həmin gün axşam saat 21:00-da isə mərkəzin qarşısındakı parkda quraşdırılan açıq səhnədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Gənclər Kamera Orkestri çıxış edəcək. Dirijor beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir. Pianoda Əməkdar artist İsfar Sarabski çıxış edəcək.

İyulun 30-da Qəbələdə açıq səhnədə festivalın açılış mərasimi olacaq və tamaşaçılara Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim ediləcək.

Həmin gün Şəkidə BMA-nın Gənclər Kamera Orkestri çıxış edəcək, Qəbələ kamera musiqi zalında isə Atabala Manafzadənin (piano), “Furioso Quartet” və Kəmalə Neymanovanın (piano), Süleyman Babakişizadənin (skripka), Zərifə Alxazovanın (skripka), Üzeyir Mahmudbəylinin (viola), Murad İbrahimovun (violonçel), Nərmin Nəcəflinin (piano) və Ənvər Kərimovun (truba) iştirakı ilə konsert olacaq.

İyulun 31-də Qəbələ kamera musiqi zalında Fəqan Qasımlının (piano), Məmməd Rəcəblinin (klarnet), Aydan Quliyevanın (soprano), Taleh Yəhyayevin (bariton) və İlahə Sadıxzadənin (piano) iştirakı ilə konsert olacaq. Açıq səhnədə “Bakı Kamera Orkestri” çıxış edəcək. Dirijor Əməkdar Artist Fuad İbrahimovdur.

Avqustun 1-də festival çərçivəsində İsmayıllıda Bakı Kamera Orkestrinin iştirakı ilə konsert olacaq. Qəbələdə kamera musiqi zalında Səidə Tağızadə (piano), Rəna Rəhimova (viola) və Elxan Niftiyev (piano) çıxış edəcəklər. Həmin gün musiqisevərləri Qəbələ Xalq Artisti Murad Adıgözəlzadənin (fortepiano), Janna Qandelmanın (İsrail, skripka), Mixail Sladkinin (ABŞ, valtorn), Dmitri Yablonskinin (Rusiya, violonçel) və Xalq Artisti Fərhad Bədəlbəylinin (piano) iştirakı ilə maraqlı konsert gözləyir. Açıq səhnədə İngiltərənin “FEMUSA” kamera orkestri çıxış edəcək.

Avqustun 2-də Qəbələ kamera musiqi zalında Məhərrəm Hüseynov (bariton), Azər Rzazadə (tenor), Müşfiq Quliyev (tenor), Canluici Sartori (tenor, İtaliya), Elnarə Məmmədova (soprano) çıxış edəcəklər. Açıq səhnədə Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Solistlər Moyka Zlobko Vajql (arfa, Sloveniya), Massimo Merçellidir (fleyta, İtaliya) və Xalq Artisti Yeganə Axundovadır (piano).

Festivalın sonuncu günü – avqustun 3-də Qəbələ kamera zalında “Dörd əl axşamı” adlı konsert proqramında Murad Adıgözəlzadə (piano), Oksana Yablonskaya (Rusiya, piano), Stefan Deltz (piano, ABŞ), Anna Serova (skripka, İtaliya) iştirak edəcəklər. Festivalın bağlanış mərasiminin keçiriləcəyi açıq səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Roberto Molinelli (İtaliya) dirijorluq edəcək. Konsertdə Nomeda Kazlaus (soprano, Litva), Azər Rzazadə (tenor), Məhərrəm Hüseynov (bariton) çıxış edəcəklər.

Builki festivalda ilk dəfə olaraq, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə tərəfindən təşkil olunan “Gənclərə dəstək” layihəsinin iştirakçıları, istedadlı musiqiçilər konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, hazırda festivalın keçirildiyi məkanlarda hazırlıq işləri aparılır. Səhnə qurulur, alətlər yerləşdirilir və bu gün axşamadək festivala hazırlıq işləri başa çatdırılacaq.