Xəbərlər
Xarici işlər naziri Elmar Məmmədyarov Perunun yeni müvəqqəti işlər vəkili ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycana yeni təyin edilmiş müvəqqəti işlər vəkili Luis Çanq Boldrinini qəbul edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, E.Məmmədyarov L.Ç.Boldrinini müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik etdi, Perunun Azərbaycanda səfirliyinin açılması və Azərbaycanın Peruda diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb.
L.Ç.Boldrini fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı səfərlərin təşkili, XİN-lər səviyyəsində siyasi məsləhətləşmələrin aparılması və əməkdaşlığın müxtəlif sahələri üzrə müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb. İki ölkə arasında kənd təsərrüfatı, enerji, qarşılıqlı sərmayələrin qoyulması, turizm və mədəniyyət və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd olunub.