Xəbərlər
Emin Ağalarov: Bu dəfəki “Jara” daha hərarətli və möhtəşəm olacaq
Artıq ikinci dəfədir Bakıda “Jara” Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festival Azərbaycanda və ümumən MDB məkanında səbirsizliklə gözlənilən hadisədir. Bir neçə saatdan sonra başlayacaq festivalın iştirakçıları və qonaqları artıq paytaxtımızdadırlar.
Builki “Jara” beynəlxalq festivalı musiqiçilərin sayı və dünyaca məşhur sənətçilərin iştirakı ilə fərqlənir. Paytaxtımıza təşrif buyuran SSRİ Xalq Artısti Sofiya Rotarunu Heydər Əliyev Beynəlxalq aeroportunda festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov qarşılayıblar. Təşkilatçılar müsahibələrində builki festivalın özəlliklərindən danışıblar.
“Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı, müğənni və bəstəkar EMİN deyib: “Ötən il festival möhtəşəm keçdi. Biz anlayırdıq ki, növbəti festival ondan da üstün olmalıdır. İl boyu hazırlaşdıq, müğənnilərlə danışıqlar apardıq, texniki cəhətdən hazırlıq gördük. İlk qonaqlarımız artıq Bakıdadır. Əgər ötən il 400-ə yaxın qonağımız var idisə, bu il onların sayı 850-ə çatır. Bizi irəlidə möhtəşəm açılış, sonra isə Sofiya Rotarunun yubileyi, Alla Puqaçovanın musiqi gecəsi gözləyir. Festival Qriqori Lepsin yubileyi ilə yekunlaşacaq”.
Festivalın təşkilatçılarından biri Sergey Kojevnikov bildirib ki, budəfəki “Jara” daha möhtəşəm olacaq. Dörd günlük festivalın üç günü yaradıcı gecədir. Festivalın ilk günündə ən müasir və sevilən xitlər səslənəcək.
“İndiyədək cəmi bir dəfə keçirilməsinə baxmayaraq, festival musiqisevərlərin böyük rəğbətini qazanıb və mötəbər tədbirə çevrilib. Bu festival musiqi və mədəniyyət bayramı olmaqla yanaşı, həm də digər mühüm bir məqamı nümayiş etdirir. “Jara” həm də Azərbaycanla Rusiya arasında son illər bütün sahələrdə dinamik inkişaf edən, o cümlədən humanitar sahədə genişlənən münasibətlərin göstəricisi kimi xarakterizə oluna bilər. AZAL-ın xüsusi reysi ilə ölkəmizə gələn Rusiyanın məşhur “ulduzları” Azərbaycana sevgilərini bu torpağa qədəm qoyduqları ilk andan hiss etdiriblər”, - deyə Sergey Kojevnikov vurğulayıb.
Azərbaycanda ilk dəfə olduğunu bildirən müğənni MONATİK deyib: “Həmkarlarımdan ölkəniz və şəhəriniz barədə çox eşitmişəm. Biz festivala ciddi hazırlaşmışıq. Ritmik, sümüyə düşən musiqilərlə gəlmişik. Bizim musiqimiz insanlarda pozitivlik aşılayır. İnanıram ki, “Jara” hər kəsə xoş anlar bəxş edəcək. Biz Bakının isti ab-havasına əlavə hərarət qatmağa çalışacağıq”.
Müğənni Qlükoza festivala ilk dəfə qatılsa da, əvvəllər Azərbaycanda konsertlər verib. O, yüksək əhval-ruhiyyədə olduğunu qeyd edərək deyib: “Yenidən Bakıya gəlməyimə şadam. Festivalın bütün günlərində çıxışlarım var. Nə gizlədim, həyəcanlıyam. Lakin ümidvaram ki, Bakı tamaşaçısının dəstəyi bu həyəcanı unutduracaq”.
Zəngin tarixi, mədəniyyəti, mətbəxi, müasir turizm infrastrukturu, ən əsası, qonaqpərvərliyi ilə turistləri heyran edən Azərbaycan möhtəşəm tədbirləri yüksək səviyyədə təşkil edir. Festival iştirakçıları bu məqamı xüsusi vurğulayırlar.
Müğənni, şoumen Timur Rodrigez: “Azərbaycan, Rusiya, Ukraynadan olan dostlarım deyirlər ki, “Jara” festivalı çox möhtəşəm musiqi bayramıdır. Əlbəttə, məşhur estrada ulduzlarının, çoxsaylı musiqiçilərin qatıldığı bir festival mütləq şəkildə böyüməli, inkişaf etməlidir. Əgər nəzərə alsaq ki, Bakı tədbirlərin keçirilməsinə necə böyük həssaslıqla yanaşır, deməli bu festival da yüksək səviyyədə keçəcək. Bakını uşaqlığımdan sevirəm, bu şəhərə bağlıyam. Həyatımın Bakı ilə bağlı olan hər bir hadisəsi mənə olduqca xoş təəssüratlar bağışlayır. Bu dəfə də belə olacaq”.
Müğənni Anita Tsoy: “Bakını çox sevirəm. Ailəm də buradadır, artıq Xəzərin sahilində dincəlir. Festivala yaxşı hazırlaşmışam. Məni balet qrupum müşayiət edəcək. Bakılılara xoş əhval-ruhiyyə bəxş etməyə çalışacağam. Ötən ilki qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm”.
Festivalın aparıcısı Yana Çurikova da yüksək təşkilatçılıqdan, festivalın əhəmiyyətindən söz açıb: “Sizi də, bizi də təbrik edirəm. “Jara” daha möhtəşəm olub. Ötən il hər kəs anladı ki, iki gün kifayət etmir. Bu dəfə isə dörd gün ərzində musiqiçi və müğənnilər il ərzində hazırladıqları nömrələri təqdim edəcəklər. Təşkilatçıların yanaşması, keçirilən məkan, qonaqpərvərlik yüksək səviyyədədir. Tematik günlər isə bu festivalı daha yaddaqalan edəcək. SSRİ xalq artistləri Alla Puqaçova və Sofiya Rotaru hələ Sovet İttifaqı zamanı Azərbaycanda yaxşı tanınırdılar. İllər sonra da Bakıdakı konsertlərini səbirsizliklə gözləyirdik. Burada bizi sevir və qayğımıza qalırlar”.
Müğənni Burito: “Bu festival dostlarla görüşmək üçün çox gözəl fürsətdir. İkincisi, artıq bizə doğma olan Bakı ilə görüşdür. Əsası isə tamaşaçılarla xoş ünsiyyətdir. Ötən il tamaşaçıların mehriban və isti münasibəti yaddaqalan oldu. Təşkilatçılıq yüksək səviyyədədir”.
Müğənni Yuliana Karaulova: “Jara” yüksək əhval-ruhiyyə, bayram, çoxsaylı xoş görüşlərdir. Bakıya bütün tanınmış müğənnilər gəlib. Bu da həmkarlarla görüşmək üçün yaxşı imkandır. Çox ciddi hazırlaşmışam, təşkilatçılıq əladır. Bakını çox bəyənirəm, bu il mütləq şəhəri gəzəcəyəm”.
Beləliklə, bu gündən başlayaraq iyulun 30-dək Bakının “Sea Breeze” istirahət zonasında təşkil olunan festivalda dünya şöhrətli müğənnilər Alla Puqaçova, Sofiya Rotaru, Layma Vaykule, Filipp Kirkorov, Qriqoriy Leps, EMİN, Valeriya, Valeri Meladze, Kristina Orbakayte, Nikolay Baskov, Ani Lorak, Dima Bilan, Lev Leşenko, Vladimir Vinokur, həmçinin sevilən sənətçilər Sergey Lazarev, Vera Brejneva, Aleksey Vorobyov, Potap və Nastya, Svetlana Loboda, Stas Mixaylov və başqaları tamaşaçılara unudulmaz anlar bəxş edəcəklər.