Xəbərlər
Tahir Rzayev: Azərbaycanda qeyri-neft sektorunun inkişafı məmnunluq doğurur
«Ötən ilin əvvəlindən etibarən ölkəmizin mənzərəsi yeni iqtisadi şəraitin meydana çıxartdığı çağırışlara uyğun həyata keçirilən dərin iqtisadi islahatlarla səciyyələnir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, bu islahatlar iqtisadi sektora aid prioritet istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Onun sözlərinə görə, ölkədə aparılan islahatlar sayəsində Azərbaycanın bir sıra spesifik cəhətləri ilə səciyyələnən yeni iqtisadi inkişaf modeli formalaşıb.
«O cümlədən burada daxili resurslara, regionlar üzrə tarixən formalaşan ənənələrə istinad edilməsini, yeni çağırışların, müasir inkişaf tendensiyalarının nəzərə alınmasını xüsusi qeyd etmək lazımdır. Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhəti isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Ölkəmizin qlobal iqtisadi şokların təsirinə yüksək dayanıqlıq nümayiş etdirməsi ilk növbədə onunla şərtlənir ki, son illərdə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Hazırda milli iqtisadiyyatımızda qeyri-neft sektorunun çəkisi 70 faizədək yüksəlib. Təsadüfi deyil ki, respublikamızda cari ilin birinci yarısının əsas iqtisadi inkişaf göstəriciləri də məhz qeyri-neft sektoru ilə bağlıdır»- deyə, T.Rzayev vurğulayıb.