YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peter Siyatro: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib tərəfdaşdır

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarov 2017-ci ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğunu deyərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri olduğunu bildirib.

Elmar Məmmədyarov bu səfərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıdan gələn aylarda Macarıstana səfəri, həmçinin Birgə İqtisadi Komissiyanın növbəti VII iclasının keçirilməsinə hazırlıq məqsədi daşıdığını qeyd edib.

O, Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaratdığını bildirərək, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğulayıb, xüsusilə nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil, mədəniyyət və əczaçılıq sahələrini qeyd edib.

Azərbaycanın enerji sahəsində Avropanın etibarlı tərəfdaş olduğunu deyən nazir Elmar Məmmədyarov bu xüsusda TANAP və TAP layihələrinin plana uyğun həyata keçirildiyini bildirib. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verən nazir Elmar Məmmədyarov Macarıstan şirkətlərinin də bu dəhlizlərin yaradacağı imkanlardan faydalana biləcəyini deyib.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin hazırkı statusu barəsində həmkarını məlumatlandırıb və münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin regional sülhə və təhlükəsizliyə ciddi təhdid olan bu münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Elmar Məmmədyarov Macarıstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirib.

Peter Siyatro Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək, bu əməkdaşlıq ruhunun beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə qarşılıqlı səsvermə ənənəsi şəkilində davam etdirilməsinin vacibliyini qeyd etdi.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın vacib tərəfdaş olduğunu deyən Peter Siyatro Macarıstanın Azərbaycandan nəql edilən qazın idxal edilməsində maraqlı olduğunu bildirdi. O, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında Strateji tərəfdaşlıq haqında sazişin Macarıstan Hökuməti tərəfindən tam dəstəkləndiyini diqqətə çatdırıb.

Macarıstan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və Qərbi Avropadan olan tərəfdaşların Azərbaycan bazarı uğrunda rəqabət apardığını qeyd edən Peter Siyarto xüsusilə əczaçılıq sahəsinə toxunub. O, Macarıstan hökumətinin Azərbaycandan olan tələbələrin Macarıstanın ali təhsil müəssisələrində təhsil alması üçün 200 nəfərlik kvota ayırdığı barədə məlumat verib.

Görüşdə ikitərəfli münasibətlərin digər aspektləri, hüquq-müqavilə bazasının genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra nazirlərin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.