YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Prezident İlham Əliyev ilə Prezident Vladimir Putinin Soçidə keçirilən görüşündə bu mövqe bir daha nümayiş olunub.

Bu sözləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünü şərh edərkən deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri böyük əhəmiyyət kəsb edir. Dövlətlərimiz və xalqlarımız arasında münasibətlər tarixi köklərə malikdir. Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr ardıcıl olaraq inkişaf edir”, - deyə S.Fətəliyeva bildirib.

Soçidə prezidentlərin görüşü zamanı bir sıra vacib məsələlərin, o cümlədən regiondakı vəziyyətin geniş müzakirə olunduğunu deyən Milli Məclisin deputatı vurğulayıb ki, Prezident Vladimir Putinin dövlətimizin başçısı İlham Əliyevlə regiondakı problemlərin həlli yollarını müzakirə etməsi Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərir. Görüşdə, həmçinin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi müzakirə olunub. Bu amil onu təsdiqləyir ki, Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. Dövlətimizin başçısının Rusiyaya səfəri və səfər zamanı prezidentlər arasında keçirilən görüş bunun bariz nümunəsidir.

“Hesab edirəm ki, Soçi görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllində səylərini daha da artıracaq. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, anti-Azərbaycan dairələri narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.