YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib

Azərbaycanın Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2017-ci ilin 17-19 iyul tarixlərində BMT-nin baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə dair ilk Könüllü Milli İcmalının təqdim edilməsi məqsədilə ABŞ-nın Nyu-York şəhərində rəsmi səfər edib.

Nümayəndə heyətinin tərkibində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris Isayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədov, parlamentin üzvü Məlahət İbrahimqızı, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Yaşar Əliyev və İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov təmsil olunub.

BMT-nin baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın ilk Könüllü Milli İcmalı Azərbaycan Respublikasının Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədov tərəfindən təqdim edilib. Təqdimatda Azərbaycanın İnkişaf Gündəliyində Dayanıqlı İnkişaf Məsələləri, Minilliyin İnkişaf Məqsədlərində əlda olunan nailiyyətlər, DİM-lərin milli prioritetlərə uyğunlaşdırılması prosesi, maraqlı tərəflərin iştirakı ilə maarifləndirmə tədbirləri, Azərbaycanın ilk Könüllü Milli İcmalı və gələcək addımlar barəsində geniş məlumat verilib.

Eyni zamanda, çıxışı zamanı Əli Əhmədov davamlı sülhün, təhlükəsizliyin, sabitlik və sosial həmrəyliyin dayanıqlı inkişaf üçün əsas şərtlərdən olduğunu və “heç kimi geridə buraxmamaq” prinsipinə əsaslanaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün regionda hər hansı əhəmiyyətli tərəqqiyə malik olmağa imkan verməməsi barədə məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 2015-ci ilin sentyabrın 25–27 tarixlərində keçirilmiş Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş və 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli 1066 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.