Xəbərlər
Cavid Osmanov: Son illər ölkədə sənayeləşmə templəri əhəmiyyətli dərəcədə yüksəlib
«Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası hər bir sahənin, o cümlədən sənayenin inkişafı üçün konkret hədəf və məqsədlərin, onlara nail olunma yollarının dəqiq müəyyən edilməsi ilə səciyyələnir. Son illərdə ölkədə sənayeləşmə templəri yüksəlib, iqtisadiyyatın aparıcı və ənənəvi sahələrindən olan metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər istehsal sahələri genişlənməklə bərabər, yeni sənaye sahələri yaradılıb». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, hazırda uğurla həyata keçirilən «Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı»nın əsas istiqamətlərindən biri də sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, sənaye zonalarının yaradılmasıdır. Onun sözlərinə görə, dövlət başçısının müvafiq fərman və sərəncamları ilə yaradılmış Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Piralahı Sənaye parkları, Neftçala Sənaye Zonası artıq fəaliyyət göstərir.
«Mingəçevir və Pirallahı Sənaye parklarının, Masallıda Sənaye Zonasının təşkili işləri aparılır. Sənaye parklarında və zonalarında rezidentlər üçün stimullaşdırıcı tədbirlər həyata keçirilir. Ümumilikdə sənaye parklarına rezidentlər tərfindən 573 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 5 mindən çox iş yeri yaradılıb. Növbəti mərhələdə isə 1,2 milyard ABŞ dollarından çox investisiyanın qoyulması və 7 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bütövlükdə bu ilin birinci yarısının nəticələri bu baxımdan uğurludur. Prezident İlham Əliyevin vurğuladığı kimi bu dövrdə qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım baş verib. Qeyri-neft sənayesində isə bu göstərici 4,4 faiz təşkil edir. Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Hesab edirəm ki, həyata keçirilən tədbirlər nəticəsində yeni mərhələdə qeyri-neft iqtisadiyyatında daha yüksək nəticələr əldə ediləcək və qarşıya qoyulan hədəflərə nail olunacaq»- deyə, C.Osmanov vurğulayıb.