YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Qondarma rejimin saxta “prezident seçki”si keçirməsi özünü gülünc vəziyyətinə qoymaqdan başqa bir şey deyil

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “parlamenti”nə 2015-ci il mayın 3-də keçirilmiş qurama “seçkilər”, 2017-ci il fevralın 20-də “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və tanınmayıb. Qanunsuz “parlament” tərəfindən saxta “prezident seçki”sinin keçirilməsi özünü gülünc vəziyyətinə qoymaqdan və öz-özünü aldatmaqdan başqa bir şey deyildir. Hər kəsə çox yaxşı məlumdur ki, qondarma rejimin kriminal “rəhbərliyi”, eləcə də saxta “parlament”in üzvləri Ermənistanın siyasi-hərbi hakimiyyəti tərəfindən təyin olunur və yalnız marionet funksiyasını yerinə yetirirlər.

Bu sözləri KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev iyulun 19-da qondarma rejimdə qanunsuz “prezident seçki”sinin keçirilməsi ilə əlaqədar bildirib.

O deyib: “Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, işğal olunmuş ərazilərində apardığı qanlı etnik təmizləmə siyasətinin nəticəsidir. “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il 16 iyun tarixli qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır, Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir.

Qeyri-qanuni və saxta “prezident seçki”si Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır.

Ermənistanın bu addımı növbəti siyasi təxribatdır. Qoşunların təmas xətti boyunca vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistanın törətdiyi hərbi təxribatların davamı olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində olan səylərinin pozulmasına xidmət edir. Bütün bunlar bir daha onu sübut edir ki, Ermənistan münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil və hər bir vəchlə işğala əsaslanan status-kvonu saxlamağa çalışır.

Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə və mümkün yolu BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşamasıdır.

Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə işğala son qoymalı, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir”.

DİGƏR Xəbərlər Arxiv