Xəbərlər
Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi nəticəsində həlak olanların xatirəsi Bakıda anılıb
Ötən il iyulun 15-də Türkiyə Respublikasında baş verən dövlət çevrilişi cəhdinin birinci ildönümü ilə əlaqədar iyulun 14-də Azərbaycan Akademik Milli Dram Teatrında “15 iyul dastanı” mövzusunda anım mərasimi keçirilib.
Əvvəlcə Azərbaycanın və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qardaş ölkələrimizin dövlət himnləri səsləndirilib.
Mərasim 15 İyul – Demokratiya və Milli Birlik Gününə həsr olunan filmin nümayişi və müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdövlətimizin başçısı İlham Əliyevin 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
15 iyul dövlət çevrilişi cəhdinin qardaş ölkənin tarixində çətin sınaq olduğunu vurğulayan Əli Həsənov həmin hadisələr zamanı türk xalqının dövlətçiliyə və demokratiyaya sadiqliyini nümayiş etdirdiyini bildirib.
1994-cü ilin oktyabrında və 1995-ci ilin martında ölkəmizdə də xain qüvvələrin dövlətə və dövlətçiliyə qarşı qiyam qaldırdıqlarını, demokratik yolla seçilmiş hakimiyyəti devirməyə cəhd göstərdiklərini xatırladan Prezidentin köməkçisi deyib: “Həm həmin dövrdə Azərbaycanda yaşanan olaylar, həm də ötən il Türkiyədə baş verən hadisələr bir neçə həqiqəti ortaya çıxardı. Liderliyə iddia edən, hakimiyyət uğrunda mübarizə aparan insanlar bilməlidirlər ki, heç kim xalqın iradəsinə qalib gələ bilməz. Xalqın iradəsi ilə formalaşmış hakimiyyət hər cür iradədən üstündür və ona qalib gəlmək indiyədək heç bir qüvvəyə müyəssər olmayıb”.
İnsanların həyatı bahasına öz şəxsi maraqlarını reallaşdırmaq istəyən şəxslərin bütün cəhdlərinin iflasa uğradığını qeyd edən Əli Həsənov deyib ki, Türkiyədə dövlət çevrilişi cəhdi zamanı 250-dən artıq insanın ölümünə səbəb olan şəxslər öz layiqli cəzalarını aldılar. Bütün bu dərslər onu göstərdi ki, Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yürüdülən siyasət öz bəhrəsini verib, ölkədə milli birlik və sülh şəraiti təmin olunub. Bu milli birlik, həmrəylik üzərində qurulan Türkiyə hökuməti bölgədə və dünyada ciddi güc amilinə çevrilib.
Azərbaycan xalqının 15 iyul hadisələri zamanı qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdiyini vurğulayan Əli Həsənov Prezident İlham Əliyevin bu hadisədən dərhal sonra qardaş ölkəyə lazımi dəstəyin göstərilməsi ilə əlaqədar tapşırıqlar verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan dövləti birinci olaraq bu məsələyə öz münasibətini bildirdi və birmənalı şəkildə Türkiyənin konstitusion quruluşunu, xalqın iradəsi ilə formalaşmış hakimiyyəti dəstəklədi, bu hakimiyyətə qarşı xain cəhdləri qətiyyətlə pislədi və bu hadisəyə siyasi qiymətini verdi. Ötən bir ildə Azərbaycan dövləti Türkiyədə ictimai-siyasi sabitliyin bərpası, sağlam qüvvələrin hakimiyyət ətrafında birləşərək xain cəhdlərdə iştirak edən insanların layiqli cəzalarını alması istiqamətində qardaş ölkəyə bütün lazımi dəstəyi verib və verəcək.
15 iyul hadisələri zamanı şəhid olanların ailələrinə və bütün türk xalqına bir daha başsağlığı verən Prezidentin köməkçisi qeyd edib ki, ulu öndərlərimiz – Mustafa Kamal Atatürk və Heydər Əliyev xalqlarımızın taleyinin bir olduğunu və bundan sonra da bir olacağını birmənalı şəkildə bəyan ediblər. Ulu öndərlərimizin müəyyən etdikləri bu yol, bu birlik daimi və əbədidir.
Əli Həsənov Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu və qardaşlığının xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin əsas göstəricisi olduğunu diqqətə çatdırıb.
Çıxışının sonunda 15 iyul hadisələri zamanı həlak olanların yaxınlarına başsağlığı verən Əli Həsənov xalqımızın və dövlətimizin Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısını alan, demokratiyaya, dövlətçiliyə sadiq qalan insanlarla həmrəy olduğunu bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral tədbirdə çıxış edərək 15 iyul hadisələri zamanı 250-dən artıq insanın həlak olduğunu xatırladaraq dövlət çevrilişi cəhdinin ağır nəticələrindən danışıb. Bildirib ki, həmin gün Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda mübarizə apardı.
Azərbaycanda da 1994-cü və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlərin olduğunu xatırladan səfir xalqımızın dəstəyi, ulu öndər Heydər Əliyevin liderliyi ilə bu cəhdlərin qarşısının alındığını vurğulayaraq deyib: "Əsl həqiqətlər bax belə zamanda ortaya çıxar və həqiqi liderlər yenilməz iradə nümayiş etdirirlər. Türkiyə xalqı çox xoşbəxtdir ki, Prezident Rəcəb Tayyib Ərdoğan kimi qətiyyətli lideri var. Xalq öz liderinin ətrafında sıx birləşərək 15 iyul çevriliş cəhdinin qarşısını aldı".
Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğana məktubunun qardaşlıq dəstəyinin göstəricisi olduğunu vurğulayan diplomat bildirib: "Azərbaycan FETÖ ilə mübarizədə ilk andan bizə fəal dəstək verməyə başladı. Prezident İlham Əliyev dövlət çevrilişi cəhdindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana ilk zəng edən dövlət başçılarından biridir. Bu dəstək bizim üçün çox mühüm əhəmiyyət kəsb edir”.
15 iyul hadisələrinin birinci ildönümü ilə əlaqədar Azərbaycanda da çoxsaylı anım mərasimlərinin keçirildiyini vurğulayan Erkan Özoral göstərilən yüksək dəstəyə görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığını bildirib.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri, akademik Əhliman Əmiraslanov Türkiyədə 15 iyul hadisələri zamanı Prezident İlham Əliyevin və Azərbaycan xalqının ilk saatlardan qardaş ölkə ilə yüksək həmrəylik nümayiş etdirdiklərini bildirib. 15 iyul hadisələrinin səbəblərinin geniş tədqiq olunduğunu vurğulayan Ə.Əmiraslanov qeyd edib ki, bu çevriliş cəhdinin qarşısının alınmasının əsas səbəbi türk xalqının mətinliyi, demokratiyaya və dövlətçiliyə sadiqliyi, Vətəninə, millətinə, Prezidentinə yüksək məhəbbətidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin hadisələr zamanı əsl liderlik nümayiş etdirdiyini, xalqı səfərbər edərək dövlət çevrilişi cəhdinin qarşısını aldığını vurğulayan Ə.Əmiraslanov dostluq qrupunun üzvlərinin də ilk saatlardan qardaş ölkəyə fəal dəstəyini xüsusi qeyd edib.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında bildirib ki, 15 iyul hadisələri zamanı Türkiyə xalqı imperialist qüvvələrin müsəlman Şərqində həyata keçirdiyi milli dövlətlərin yox edilməsi siyasətinin reallaşmasına imkan vermədi. Türkiyə xalqı Vətənə, dövlətçiliyə və demokratiyaya sadiqliyini nümayiş etdirərək, özünün beş min illik dövlətçilik tarixində yeni bir səhifə açdı.
Dövlət çevrilişinə cəhd zamanı Ankara vilayəti polis idarəsinin rəis müavini vəzifəsində çalışan Tolqa Yılmaz iyulun 15-də yaşından asılı olmayaraq vətəndaşların küçə və meydanlara axışaraq Vətənə, millətə, demokratiyaya sadiqliyini əsl qəhrəmanlıq nümunəsi adlandırıb. T.Yılmaz həmin qanlı və dəhşətli gecə ilə bağlı xatirələrini anım mərasiminin iştirakçıları ilə bölüşüb.
Sonda mərasimin iştirakçıları teatrın binasının foyesində 15 iyul hadisələri ilə bağlı fotosərgiyə baxıblar.