YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günlərinin açılışı olub

İyulun 13-də Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günləri başlayıb.

Mədəniyyət günləri çərçivəsində Kannın “Gare Maritime” sərgi pavilyonunun binasında “Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisinin açılış mərasimi keçirilib.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək, Fond tərəfindən müxtəlif ölkələrdə təşkil olunan və Azərbaycanın tərənnümünə yönələn bu cür layihələrin ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması, Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından əhəmiyyət daşıdığını bildirib.

Azərbaycan təsviri incəsənətində böyük rol oynamış Toğrul Nərimanbəyovun yaradıcılığından söz açan Anar Ələkbərov bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən Kann şəhərinin meriyasına təşəkkür edib.

Bildirib ki, sərgi çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun T.Nərimanbəyovun həyat və yaradıcılığı haqqında kitabı təqdim olunur. Bu kitabda rəssamın Azərbaycanda və xarici muzeylərdə saxlanılan, hətta şəxsi arxivindəki nadir əsərləri barədə məlumatlar yer alıb.

Anar Ələkbərov Toğrul Nərimanbəyovun həm də vokal ifaçısı olduğunu diqqətə çatdıraraq, sərginin video bölməsində rəssamın yaradıcılığı haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış filmlərin nümayişinin onu daha yaxından tanımağa imkan verdiyini vurğulayıb.

Kann şəhəri merinin müavini Frank Şıkli çıxış edərək Azərbaycan mədəniyyəti günlərinin burada təşkil edilməsinin ənənəyə çevrildiyini deyib. O, Azərbaycanın və Kann şəhərinin mədəniyyətə böyük önəm verdiyini söyləyib. F.Şıkli Qəbələ və Kann arasında imzalanan əməkdaşlıq və dostluq xartiyasını xatırladaraq, iki şəhər arasında əlaqələrin iqtisadiyyat, idman və təhsil sahələrini əhatə etdiyini diqqətə çatdırıb. Eyni zamanda, gələcəkdə turizm vasitəsilə mədəniyyətlərin qarşılıqlı təşviq ediləcəyini bildirib.

F.Şıkli qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər Kann sakinlərinə və turistlərinə Azərbaycanın folklorunu, mədəniyyətini daha yaxından tanımağa imkan verəcək. Belə mədəniyyət tədbirləri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

“Kann şəhəri Azərbaycanla əməkdaşlıqdan məmnundur və onu daha da genişləndirmək istəyir. Əlaqələrimizin gələcəkdə daha da genişləndirilməsində maraqlıyıq”, - deyə F.Şıkli vurğulayıb.

“Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisi Kann sakinləri və turistlər üçün avqustun 1-dək açıq olacaq. Sərgidə rəssamın 30-dan çox əsəri təqdim edilir.

Kiçik kinoteatr zonasında görkəmli rəssamın həyat və yaradıcılığı haqqında videomateriallarla tanış olmaq mümkündür. Eləcə də sərgi zalı ərazisində milli üslubda zona yaradılıb. Burada ziyarətçilərə Heydər Əliyev Fondunun Azərbaycan və Toğrul Nərimanbəyov haqqında nəşrləri təqdim olunur.

Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 13-də konsert proqramı da təqdim edilib.

Konsertdən əvvəl Anar Ələkbərov çıxış edərək, tədbir iştirakçılarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xoş arzularını çatdırıb.

Bildirib ki, Kannda beş ildir təşkil olunan Azərbaycan mədəniyyəti günləri şəhər sakinlərinə, eləcə də yüzlərlə turistə ölkəmizin mədəniyyəti, incəsənəti, musiqisi, tarixi keçmişi və bu günü ilə tanış olmağa imkan yaradır. Əsrlər boyu müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynayan Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh, əmin-amanlıq və dostluq şəraitində yaşayıb, ölkəmiz tolerantlıq, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq sahəsində beynəlxalq platformaya çevrilib. Azərbaycan dünyamiqyaslı tədbirlərin keçirildiyi məkan kimi tanınır. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər tədbirlərin Bakıda keçirilməsi multikulturalizm dəyərlərinin təşviqi sahəsində Azərbaycanın fəaliyyətinin yüksək qiymətləndirilməsindən xəbər verir. 2015-ci ildə Azərbaycanın birinci Avropa Oyunlarına, bu ilin may ayında isə IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməsi ölkəmizin həm Şərq, həm də Qərb dəyərlərinə eyni yanaşmasının daha bir sübutudur.

Anar Ələkbərov xalqımızın ənənələrini, kökünü və tarixini qoruyub saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük hörmətlə yanaşdığını, Heydər Əliyev Fondunun mədəni müxtəliflik, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq xalqlararası əlaqələrin möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun genişləndirilməsinə xidmət edən layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Fondun Fransada həyata keçirdiyi layihələrin Azərbaycan reallıqlarını yerli ictimaiyyətə çatdırdığını və çox böyük maraqla qarşılandığını vurğulayan A.Ələkbərov qeyd edib ki, Fransanın 20-dən çox şəhərində təşkil olunmuş Azərbaycan mədəniyyəti günləri ölkələrimizi, xalqlarımızı daha dərindən, daha dolğun tanımağa, eləcə də humanitar sahədə əlaqələrin inkişafı üçün yeni imkanlar açır. Azərbaycan-Fransa münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və son illər bir çox sahələrdə sürətlə inkişaf edir. Dövlət və özəl qurumlar arasında əlaqələr qurulub və ikitərəfli münasibətlər möhkəmlənib. Son bir neçə ildə Fransanın və Azərbaycanın müxtəlif şəhərləri, regionları arasında 15-dək dostluq və əməkdaşlıq xartiyası imzalanıb.

Keçən il Nitsa şəhərində çoxlu sayda insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktını xatırladan A.Ələkbərov ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qaldığını və ərazilərimizin 20 faizinin işğal edildiyini, zəbt olunmuş bu ərazilərdə etnik təmizləmə aparıldığını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.

“Dövlətimiz dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir. İnanırıq ki, bütün xalqlar qüvvələrini səfərbər edərək insan təhlükəsizliyini, demokratik dəyərləri, vətəndaşların hüquq və azadlıqlarını təhdid edən, günahsız insanları hədəfə götürən terrorizmin qarşısını almağa müvəffəq olacaqlar”, - deyə Anar Ələkbərov qeyd edib.

Heydər Əliyev Fondunun icraçı direktoru 14 İyul - Fransanın Milli Bayramı münasibətilə fransız xalqını təbrik edib, onlara sülh və əmin-amanlıq arzulayıb.

Sonra Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel çıxış edərək, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsindən danışıb.

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində kiçik Zəhranın həlak olması ilə bağlı Fransa Prezidentinə müraciət etdiklərini, onu sülhün bərqərar olması istiqamətində səylərini səfərbər etməyə çağırdıqlarını xatırladıb.

J.Mansel qarşıdan gələn 2018-ci ilin Azərbaycan üçün çox əlamətdar olacağını, müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd ediləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Kann şəhəri merinin müavini Frank Şıkli bildirib ki, ölkələrimizin sıx dostluq əlaqələri var. Ölkələr eyni dəyərləri bölüşəndə dostluq daha da möhkəm olur. Azərbaycan mədəniyyəti günləri vasitəsilə mədəniyyəti təşviq edirik. Müharibələr, terrorlar, ilk növbədə, mədəniyyəti məhv etməyi hədəfə alır. Çünki mədəniyyət xalqların döyünən ürəyi, kimliyi, sərvətidir.

“Biz Azərbaycanın Kannda olması ilə fəxr edirik, Azərbaycan da Kannda olması ilə fəxr edir”, - deyən F.Şıkli ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsində insanlar arasındakı münasibətlərin böyük rol oynadığını bildirib. O, Kann şəhərinin Azərbaycana xüsusi hədiyyəsi olduğunu bildirərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fransız rəssam Olivier Domin tərəfindən çəkilmiş portretini Anar Ələkbərova təqdim edib.

Daha sonra tədbir Azərbaycan musiqiçilərinin konsert proqramı ilə davam edib.

Qonaqlar, həmçinin Kannda ənənəvi olaraq keçirilən pirotexnika festivalı çərçivəsində təşkil olunan atəşfəşanlığı izləyiblər.

Qeyd edək ki, Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarix və ənənələrinin təbliği, ölkələr və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edən layihələr çərçivəsində mütəmadi olaraq sərgilər, konsert proqramları, “Azərbaycan şəhərciyi” və digər tədbirlər təşkil edir. Bu layihələr Azərbaycanı yaxından tanımağa geniş imkanlar yaradır.

Kannda ardıcıl təşkil olunan mədəniyyət günləri isə hər il ölkəmizi müxtəlif tərəflərdən kəşf etməyə imkan verir. Bu günədək Kannda “Qız qalası”, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri”, “Azərbaycan xalçaları incəsənətdə”, “Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə”, “Bir günəş altında” və digər bu kimi sərgilər keçirilib, muğam, klassik, caz musiqilərindən ibarət konsert proqramları, atəşfəşanlıq şouları təşkil olunub.

Mədəniyyət günləri müddətində həm də Kannın məşhur Kruazett bulvarı boyunca əsl Azərbaycan ab-havası yaşanır. Belə ki, bu günlərdə Kann şəhəri və bulvar ərazisi Azərbaycanın tanıtım baner və posterləri ilə bəzədilir.

 

DİGƏR Xəbərlər Arxiv