Xəbərlər
Polşa Prezidenti Andjey Dudanın adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
İyunun 27-də Polşa Respublikasının Prezidenti Andjey Dudanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.
Əvvəlcə Azərbaycanın və Polşanın dövlət himnləri səsləndirildi.
Sonra dövlət başçıları rəsmi ziyafətdə çıxış etdilər.
Prezident Andjey Duda bildirdi ki, Azərbaycanın nailiyyətlərinə böyük ehtiramla yanaşır, ölkənizi tərəfdaş kimi görürük: “Polşa və Azərbaycanın qarşısında oxşar məqsədlər durur. Ölkələrimizin sabit və təhlükəsiz inkişafını təmin etmək üçün çalışır və eyni zamanda, beynəlxalq arenada mövqeyimizi möhkəmlətmək istəyirik. Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir, regionun sabitliyinin və inkişafının təmin edilməsində həlledici rol oynayırlar. Cənubi Qafqaz regionunda rolu, həmçinin Şərq Tərəfdaşlığında getdikcə artan iştirakı baxımından Polşanın Şərq siyasəti üçün Azərbaycan çox önəmlidir. Hesab edirik ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür. Əminəm ki, bu gün beynəlxalq vəziyyətin çox mürəkkəb olduğu dövrdə birlikdə tərəfdaşcasına əməkdaşlıq sayəsində ortaq təşəbbüs və tədbirlərimizi uğurla həyata keçirmək şansına malikik.
Hörmətli cənab Prezident, xalqlarımızı bir-birinə bağlayan dostluq münasibətləri dərin tarixi köklərə əsaslanır. Polyaklar Azərbaycana artıq XVIII əsrdən başlayaraq üz tutmuş, burada özlərinə ikinci yurd tapmış və yeni vətənlərinin inkişafında iştirak etmişlər.”
“XIX əsrdə Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başlamışdır. O vaxt “Bakı neftinin atası” adlandırılan geoloq Vitold Zglenitskinin və mühəndis Pavel Pototskinin nailiyyətləri xüsusi tanınırdı. Bu günədək Azərbaycanda onların nailiyyətlərinin xatırlanması və Pavel Pototskinin Xəzər dənizinin sahilində yerləşən məzarına hörmət və qayğı göstərilməsinə görə Sizə minnətdarlığımı bildirirəm. XIX əsrin sonları - XX əsrin əvvəllərində polyak əsilli tanınmış memarlar Yuzef Qoslavski, Yuzef Ploşko, Yevgeni Skibinski və digərləri bu gün də mötəbərliyini itirməyən Bakının simasının formalaşmasına öz töhfələrini vermişlər. Milliyyətcə polyak Stanislav Despot-Zenoviç isə Bakı şəhərinin başçısı olmuşdur.
Bir çox polyak üçün Bakının nə qədər əhəmiyyətli olmasını, həmçinin polyak ədəbiyyatının nadir incilərindən sayılan Stefan Jeromskinin “Bahar ərəfəsi” əsərinin əvvəlindəki hadisələrin məhz bu şəhərdə - baş qəhrəman Tsezari Barıkanın uşaqlıq və gənclik illərinin keçdiyi, atası Severinin böyük ümidlər bəslədiyi şəhərdə cərəyan etməsi təsdiq edir.”-deyə, Polşa Prezidenti Andjey Duda bildirdi.
Prezident Andjey Dudanın sözlərinə görə, XX əsrdə müstəqilliyə və azadlığa olan məhəbbətimiz bizi bir-birimizə yaxınlaşdırdı: “1918-1920-ci illərdə - Azərbaycanın azadlıq uğrunda mübarizə apardığı dövrdə başda öz həyatını Azərbaycanın müstəqilliyinə qurban vermiş general Maçey Süleyman Sulkeviç olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda və dövlət aparatında bir çox polyak xidmət göstərmişdir. İkinci Dünya müharibəsi illərində bizim azadlığımızı isə Polşa Ordusu sıralarında polkovnik Vəli bəy Yadigar qorumuşdur. Onların Varşava şəhərinin Praqa rayonunda ucaldılmış birgə abidəsi bu qarşılıqlı əlaqələrin təcəssümüdür.
Hörmətli cənab Prezident, artıq bizim müasir əlaqələrimiz də əhəmiyyətli tarixə malikdir. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ili tamam olur. Diplomatik münasibətlərimizin 25-ci ildönümü məni sevindirir. Gələcəyə nikbinliklə baxır, Polşa və Azərbaycan əməkdaşlığı üçün yeni perspektivlər görürəm. Əminəm ki, ölkələrimizin uğurları naminə bundan istifadə edəcəyik.”
Prezident İlham Əliyev bildirdi ki, bu səfər ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir:
“Müasir diplomatik əlaqələrimizin tarixi 25 illik dövrü əhatə etsə də, xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələri mövcuddur. Hələ XV əsrdə Azərbaycan hökmdarı Uzun Həsənin Polşa Kralı Yagello ilə sıx təmasları olmuşdur. Sonrakı dövrlərdə də münasibətlərimiz qorunub saxlanılmışdır. Şərqdə ilk demokratik respublikanın – 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin həyatında polyaklar fəal iştirak etmişlər. General Maçey Sulkeviç həmin dövrdə Azərbaycan Ordusunun qərargah rəisi olmuşdur. Kriçevski qardaşları isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində rəhbər vəzifələr tutmuşlar. Azərbaycanlı Vəli bəy Yadigar isə İkinci Dünya müharibəsi illərində Polşa Milli Ordusunun polkovniki olmuşdur.
XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakı şəhərinin memarlıq simasının formalaşmasında polyaklar böyük rol oynamışlar. Bakının baş memarı olmuş Yuzef Qoslavski, eləcə də tanınmış memarlar Ploşko və Skureviçin layihələri ilə inşa edilmiş binalar bu gün də Bakıya gözəllik verən memarlıq nümunələridir. Polyaklar Azərbaycanın neft sənayesinin inkişafına da töhfələr vermişlər. Mühəndis Pavel Pototskinin Xəzər şelfində neft çıxarılması sahəsində böyük xidmətləri olmuşdur. Vəsiyyətinə uyğun olaraq Pototski Bakıda dəfn olunmuş və burada onun xatirəsinə abidə ucaldılmışdır.”
“Qeyd etməliyəm ki, ədəbi, mədəni, elmi əlaqələrimizin də zəngin tarixi vardır. Bu əlaqələr bu gün də davam və inkişaf etməkdədir. Xalqlarımız arasında formalaşan möhkəm dostluq əlaqələri bugünkü münasibətlərimiz üçün gözəl zəmin yaratmışdır. Hazırda Azərbaycan ilə Polşa arasında siyasi əlaqələr yüksək səviyyədədir. Bu səfər çərçivəsində imzalanan sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə” münasibətlərimizin daha da inkişafı üçün siyasi iradəmizin göstəricisidir. Siyasi münasibətimizin mövcud səviyyəsi iqtisadi əlaqələr üçün də yeni perspektivlər açır. Tarixi İpək yolu üzərində əlverişli coğrafi mövqeyə malik Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri əməkdaşlığımızın daha da genişlənməsinə imkan verir.
Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa töhfə verir. Lakin regionun ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş və bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq normalara uyğun ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Mövcud status-kvo qəbuledilməzdir və işğal edilmiş ərazilər qeyd-şərtsiz azad olunmalıdır.
Mən Polşaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığımı bildirirəm.”-deyə, Prezident İlham Əliyev qeyd etdi.