YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində oldular

Avqustun 19-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində oldular.

Şəxsi heyət üçün yaradılmış şəraitlə tanışlıq zamanı müdafiə nazirləri hərbi hissənin maddi-texniki bazasının yüksək səviyyədə olduğunu qeyd etdilər.

Bundan əvvəl isə qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış oldular. Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinə tarixi abidə barədə ətraflı məlumat verilərək bildirildi ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olubdur. Qala müharibələr nəticəsində dağıdılıb və əvvəlki möhtəşəmliyini itirib. 2010-cu ildə abidənin bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə ötən il burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə qərar qəbul edilib. Kompleksin ətrafında və daxilində geniş abadlıq-quruculuq işləri aparılaraq ziyarətçilərin istifadəsinə verilib.

Kompleksin muzeyi ilə tanış olan qonaqlara bildirildi ki, orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülüb. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliklərə aid müxtəlif məişət əşyaları, son tunc və erkən dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. Muzeydəki eksponatlar bir daha sübut edir ki, Naxçıvanda tapılan tarixi-memarlıq abidələri dünya miqyasında böyük maraqla qarşılanır.

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Nuh Peyğəmbərin məzarüstü türbəsini, Duzdağ Fizioterapiya Mərkəzini, Möminə Xatun Türbəsini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq və Naxçıvan Dövlət Xalça muzeylərini də ziyarət etdilər.

Avqustun 19-da Türkiyə Respublikası və Gürcüstanın müdafiə nazirlərinin ölkəmizə səfəri başa çatdı.