Xəbərlər
Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.
Ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısına Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində istifadəyə verilmiş, tikintisi aparılan və layihələndirilən müasir məhkəmə binaları və kompleksləri barədə məlumat verdi.
Son illər paytaxtda və bölgələrdə 12 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilib. Prezident İlham Əliyev Sabunçu, Şəki Məhkəmə komplekslərinin, eləcə də Yasamal və Oğuz Rayon məhkəmələri üçün yeni binaların açılışlarında şəxsən iştirak edib. Hazırda 9 məhkəmə, o cümlədən Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhərinin Binəqədi, Suraxanı, eləcə də Zaqatala, Qəbələ və Masallı Rayon məhkəmələrinin yeni inzibati binalarının inşası aparılır.
Qeyd olundu ki, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının inşasına 2015-ci ilin mayında başlanılıb. Tikinti işləri müasir standartlara uyğun və yüksək keyfiyyətlə aparılıb. BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına uyğun olaraq, binada onların sərbəst hərəkəti üçün bütün zəruri şərait yaradılmaqla yanaşı, girişdə əlillərin daxil olması üçün qaldırıcı qurğu quraşdırılıb.
Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin barelyefi quraşdırılıb. Burada, eyni zamanda, Ulu Öndərin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.
Nərimanov Rayon Məhkəməsi təxminən 200 minə yaxın əhaliyə xidmət edəcək. Burada 90 nəfər, o cümlədən 13 hakim, 80-ə yaxın məhkəmə aparatı əməkdaşı və digər hüquqşünaslar işləyəcək. Binada ümumilikdə 8 məhkəmə iclas zalı fəaliyyət göstərir. Azərbaycan Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncamına əsasən burada da bütün zəruri tədbirlər görülüb. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən, audio-video yazılışları aparan “Femida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb. Təqsirləndirilən şəxslərin zalda vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğular var.
Son vaxtlar tikilmiş məhkəmə binalarında olduğu kimi, müasir informasiya-kommunikasiya texnologiyalarının quraşdırıldığı Nərimanov Rayon Məhkəməsinin binası da inzibati və ictimai zonalara bölünür. Hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. Eyni zamanda, vəkillər, dövlət ittihamçıları və icra məmurları da ictimai zonadan istifadə edəcəklər. Binada hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər. Bu isə şəffaflığın təmin edilməsində mühüm amildir. Burada gözdən əlil vətəndaşların sərbəst hərəkəti üçün mərtəbələrin döşəməsində xüsusi örtük, otaqların adlarını əks etdirən lövhələrdə və liftlərdə xüsusi yazılar var.
Nərimanov Rayon Məhkəməsinin binasında vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları, o cümlədən köşklər, lövhələr quraşdırılıb. Bunlar vətəndaşlara məhkəmə prosesləri və onların tarixi, vaxtı, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradır.
Binada yeməkxana və idman zalı da işçilərin ixtiyarına verilib. Burada işçilərin qidalanmaları, istirahəti və idmanla məşğul olmaları üçün hərtərəfli şərait var.
Prezident İlham Əliyev binanın balkonundan ətraf ərazini seyr etdi.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Prezident İlham Əliyevə Təbriz və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişdiyi ərazidə aparılan əsaslı tikinti işləri barədə məlumat verdi. Bu ərazidə pilot layihə çərçivəsində 5 müasir yaşayış kompleksi inşa olunacaq. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, icra edilən bu layihələr ilk növbədə vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib.
Binanın konfrans zalında həm beynəlxalq, həm də ölkə səviyyəsində tədbirlər keçirmək mümkündür. Müasir avadanlıqla təchiz edilən zalda, həmçinin hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirə və toplantılarına, eləcə də Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılıb. Burada informasiya-kommunikasiya texnologiyalarının ən son yeniliklərindən istifadə edilir. Eyni zamanda, zalda tədris kurslarının keçirilməsi üçün də zəruri infrastruktur yaradılıb. Buradakı kitabxana məhkəmə-hüquq sahəsinə aid ədəbiyyatla, Azərbaycan həqiqətləri, dünya klassiklərinin əsərləri və digər maraqlı kitablarla zəngindir.
Prezident İlham Əliyevə “Elektron məhkəmə” informasiya sistemi barədə məlumat verildi.
Ədalət mühakiməsinin həyata keçirilməsində şəffaflığın, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə işlər görülür, məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi məqsədilə zəruri infrastruktur yaradılır. Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində elektron məhkəmənin tətbiqi üzrə tədbirlər sürətləndirilib, məhkəmə sisteminin vahid internet portalı yenilənərək zənginləşdirilib, o cümlədən portalda “E-məhkəmə” bölməsi yaradılıb. Yeni inşa olunan müasir məhkəmə binalarında “Elektron məhkəmə” informasiya sisteminin bir çox komponentləri tətbiq edilir. Eyni zamanda, sistemin tərkib hissəsi olan “elektron icra”nın yaradılması üzrə tədbirlər görülərək icra qurumlarında onun bir sıra komponentlərinin tətbiqinə başlanılıb. Bundan başqa, məhkəmələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə yeni yaradılmış “Nəzarət pəncərəsi” modulu vasitəsilə məhkəmə sədri işlərin icra vəziyyətinə elektron qaydada nəzarət edəcək, hakimlər isə sənədin icra statusu barədə sistem tərəfindən məlumatlandırılacaqlar. “Elektron məhkəmə” informasiya sistemi üzrə toplanılan məlumatların saxlanılmasını və təhlükəsizliyini təmin etmək məqsədilə Ədliyyə Nazirliyinin əsas və ehtiyat məlumat mərkəzlərinin yaradılması üzrə də işlər aparılır. Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının 22 saylı elmi nəşrində ölkəmizdə tətbiq olunan yeniliklər və nailiyyətlər Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Avropa Şurasının ekspertləri Azərbaycan Hökumətinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirərək belə qənaətə gəliblər ki, ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin mükəmməl infrastrukturunun yaradılması, ən müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqi sahəsində Azərbaycan bir çox Avropa ölkələrinə nümunə ola bilər.
Məhkəmə binasında müasir gözləmə yerləri quraşdırılıb, körpə uşaqlı valideynlər üçün xüsusi otaqlar ayrılıb, vətəndaşlara tibb xidmətindən istifadə etmək üçün əlverişli şərait yaradılıb. Bir sözlə, burada yaradılan şərait göstərir ki, son illər ölkədə bütün sahələrə olduğu kimi, ədalət mühakiməsinin səmərəsinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, məhkəmə sisteminin müasirləşdirilərək beynəlxalq standartlara tam uyğunlaşdırılması işləri uğurla aparılır.
Son illər yeni müasir məhkəmə komplekslərinin istifadəyə verilməsi dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində məhkəmə-hüquq sistemində aparılan köklü islahatların tərkib hissəsidir. Bütün bu layihələr ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi, şəffaflığın və məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunmasında özünü aydın göstərir.