Xəbərlər
Azərbaycan-Latviya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
Azərbaycanla Latviya arasında iqtisadi və texniki sahələrdə əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bu barədə Bakıda keçirilən Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeddinci iclasında danışılıb.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib ki, ötən il Azərbaycan və Latviya arasında ticarət dövriyyəsinin həcmi 8,75 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 7,9 milyon ABŞ dolları təşkil edib. O qeyd edib ki, Latviya ilə ətraf mühitin mühafizəsi sahəsində də əməkdaşlıq mövcuddur. Bu istiqamətdə əməkdaşlığa dair Saziş imzalanıb. Nazir vurğulayıb ki, əlaqələrin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Komissiyanın Latviya tərəfdən həmsədri, nəqliyyat naziri Uldis Auqulis əlaqələrimizin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu deyib. O əlavə edib ki, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlər, yüksək səviyyəli görüşlər mühüm əhəmiyyət daşıyır. Nazir ölkələrimiz arasında iqtisadi əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün keçirilən danışıqların Azərbaycan-Latviya əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdiyini söyləyib. Qeyd edilib ki, ikitərəfli əlaqələrin dərinləşdirilməsi baxımından qarşılıqlı səfərlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
İclasda iki ölkə arasında diplomatik münasibətlərin uğurlu inkişafından da söz açılıb. İkitərəfli ticarətin artırılması və investisiya əlaqələrinin genişləndirilməsi, nəqliyyat, kommunikasiya, energetika, kənd təsərrüfatı, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.